Ermənistanın ətraf mühit naziri Akop Simidyan yazıb ki, 2026-cı ildə ölkəsində Biomüxtəliflik üzrə Tərəflər Konfransı – COP17 keçiriləcək.
COP17 BMT-nin Bioloji Müxtəliflik Konvensiyası (CDB COP) çərçivəsində keçirilən sammitdir. İki ildən bir keçirilən sammitdə dünyanın hər yerindən hökumətlər meşələr, okeanlar və nəsli kəsilməkdə olan heyvan növləri də daxil olmaqla təbiəti necə qorumağı planlaşdırdıqlarını müzakirə etmək üçün bir araya gəlirlər. Bu il sammitin 16-cı görüşü 21 oktyabr-1 noyabr tarixlərində Kolumbiyanın Kali şəhərində keçirilib. Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 isə BMT-nin İqlim Dəyişikliyi Konfransıdır.
COP17-nin Ermənistanda keçirilməsi bir neçə sualı aktuallaşdırır:
- Azərbaycan Ermənistanda keçiriləcək COP17 tədbirinə qatılacaqmı?
- Azərbaycanı Ermənistanda keçiriləcək COP17 tədbirində kim təmsil edəcək?
Əslində, hər iki sualın cavabını bir neçə gün sonra bilmək olacaq. Belə ki, Ermənistan Azərbaycanda keçiləcək COP29 tədbirinə qatılarsa, rəsmi Bakıda İrəvandakı COP17 tədbirində iştirak edə bilər. Həmçinin Ermənistan Bakıya kimi göndərəcəksə, Azərbaycan da İrəvana eyni statusda rəsmi şəxs göndərə bilər. Məsələn, COP29 çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Bakıya, COP17 çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İrəvana getməsi mümkündür.
Təbii ki, bu, ehtimaldır. Digər tərəfdən, hələ ki Ermənistan Azərbaycanı COP17-yə dəvət etməyib. Lakin COP29 və COP17 Ermənistan-Azərbaycan münaqişəsinin həlli baxımından tarixi fürsət ola bilər. Tərəflər Bakıda COP29 çərçivəsində rəsmi ya da qeyri-rəsmi görüşdə ilkin sülh müqaviləsini İrəvanda, COP17 tədbiri çərçivəsində isə yekun sülh müqaviləsini müzakirə edə bilərlər. Təbii ki, müzakirə ediləcək məsələlər fərqlidir. Lakin əsas məqam tərəflərin öz meydanlarında ikili danışıqlar təcrübəsinə yiyələnməsi, etimad mühitin tam təmin edilməsidir.
Turan Rzayev
Globalinfo.az–ın siyasət yazarı