taksi 11

Bakıda taksi sürücüsü icarəyə götürdüyü avtomobilin sahibini bıçaqlayıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu ərazisində baş verib. 1979-cu il təvəllüdlü Natiq İsazadə (soyad şərtidir) taksi fəaliyyəti göstərmək üçün gündəlik 15 manata icarəyə götürdüyü “Ravon” markalı avtomobilin sahibi Elmar Xəlilovu Hüseyn Cavid prospektində bıçaqlayıb. Xəstəxanaya çatdırılan iş adamının həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən şəxs barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Araşdırmalar zamanı məlum olub ki, Natiq icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti göstərərkən dəfələrlə radara düşüb və maşının sahibinə DYP-dən bildirişlər gəlib. Elmar Natiqə zəng edərək cərimələri ödəməsini tələb edib. Natiq isə rayonda yasda olduğunu deyib və radara düşmədiyini bildirərək etiraz edib. Bundan sonra tərəflər arasında sözlü münaqişə yaranıb.

Məsələni aydınlaşdırmaq üçün Elmara məxsus mağazanın qarşısına gedən Natiq burada münaqişə yaradıb və iş adamını küçədə bıçaqlayaraq ağır xəsarətlər yetirib. Onun barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi dekabrın 19-da başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə taksi sürücüsü 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: