Bakıda adam öldürən pakistanlı tutuldu

Oktyabrın 30-da saat 21:30 radələrində 1 nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, 1 nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Globalinfo.az-a bildirilib ki, ilkin araşdırma zamanı Pakistan İslam Respublikası vətəndaşı Asad Shabbir Ahmadın Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1 nəfər həmvətənlisinə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Asad Shabbir Ahmad tutulub.

İbtidai istintaq davam etdirilir.