Bakı “işğaldan” belə qurtulur: Qarabağda yeni şəhər salınır, nazirliklər, universitetlər köçürülür – SENSASİON

Deputat Fazil Mustafa paytaxtın Ağdama köçürülməsini təklif edib.

Sitat: “Mən universitet köçürülməsinə adi məsələ kimi baxılmasının tərəfdarı deyiləm. Paytaxtı bu formada saxlamaq mümkün deyil. Paytaxtı köçürməli, Bakını yüngülləşdirməliyik, təqribən Ankara-İstanbul modeli kimi bir şey qurmalıyıq. Əgər bu gün Ağdam yenidən tikilirsə, infrastruktur dünya standartlarına uyğundursa, qoy paytaxt Ağdam olsun, başqa yolu yoxdur”.

Ümumiyyətlə, zaman-zaman istər digər regionların, istərsə də Qarabağdan hər hansı bir rayonun paytaxt seçilməsi fikri səsləndirilir. Paytaxtın köçürülməsi olduqca mürəkkəb prosesdir. Bakı yüz illərdir Azərbaycanın paytaxtıdır. Burada infrastruktur, arxiv, ofislər, qurumlar yaradılıb. Köçürmə baş tutarsa, buna neçə müddət tələb olunar?

Maraqlıdır, paytaxtı hər hansı bir regiona köçürmək əvəzinə, regionlarda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində addım atmaq daha uyğun olmazmı?

Bakını köçürməkdənsə, paytaxta ölkənin hər yerin olan köçü əngəlləmək daha uyğun sayılmazmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, özü şəxsən dəfələrlə paytaxtın Ağdama köçürülməsini təklif edib.

Onun fikrinə, bu məsələyə mütləq baxılmalıdır:

“Paytaxt bu gün hədsiz dərəcədə yüklənib və bu yük getdikcə artır. Bunun bir çox səbəbləri var ki, onlar arasında insanların işləmək üçün regionlardan Bakıya axın etməsi də yer alır. Artıq Bakı və Bakı ətrafı kəndlər arasında məsafə də qalmayıb, hamısı birləşib. Bakı şəhərində məskunlaşa bilməyənlər ətraf kəndlərə, qəsəbələrə üz tuturlar. Paytaxtın köçürülmə təcrübəsi dünyada və MDB ölkələrində var və onlar arasında gözəl təcrübə Qazaxıstana məxsusdur. Vaxtilə Nursultan Nazarbayevin qəbul etdiyi qərarla Qazaxıstanın paytaxtının Alma-Atadan Astanaya köçürülməsi və müasir prinsiplərlə şəhərin qurulması tək paytaxtın yükünü azaltmadı, əslində, Nazarbayev bu addımı atmaqla qarşısına qoyduğu hədəflərə çatmış oldu. Müasir paytaxt tikdi, mövcud paytaxtı böyük yükdən azad etdi, Şimalda Qazaxıstan torpaqlarını gələcəkdə yarana biləcək Rusiya basqısından xilas etmiş oldu. Bu baxımdan bizdə də paytaxtın köçürülməsi bir neçə problemləri çözməlidir”.

Sabiq nazir paytaxtın hansı səbəbdən Ağdama köçürülməsinin tərəfdarı olduğunu bildirib:

“Əvvəla, Ağdam vaxtı ilə böyük rayonlardan biri olub. İkinci, Ağdam yeni şəhərsalma qaydalarına uyğun olaraq yenidən, sıfırdan tikilir. Biz artıq paytaxtı tikərkən etdiyimiz səhvləri orada təkrarlamayacğıq. Bu baxımdan müasir bir şəhərin orada salınması və həmin yerin böyük bir şəhərə çevirilməsi ilə həm də Qarabağda nəzarətimizin gücləndirilməsi istiqamətində addım atmış olarıq”.

Fikrət Yusifov

F.Yusifov Bakının Baş Planına yüz milyard civarında vəsaitin ayrıldığını qeyd edib:

“2040-cı ilə qədər həmin Baş Plana uyğun da çox işlər görüləcək. Amma bu o demək deyil ki, Bakıda bütün problemlər öz həllini tapmış olacaq. Son 10 ildə bir-birinin içində yüzlərlə, minlərlə binalar tikilib. Baş Plan buna nə edəcək? Binaları sökəcək? Bunun özü də böyük bir xərcdir. Ona görə də, paytaxtın köçürməsi zərurəti ortaya çıxır. Düzdür, Baş Planı reallaşdırmaq vacibdir, çünki Bakıda səhman yaratmaq, problemləri həll etmək lazımdır. Paralel olaraq da paytaxtın köçürülməsi istiqamətində düşünməliyik. Ən yaxşı variantlardan biri də Ağdamdır. Paytaxt Ağdam olarsa, insanlar artıq işlə bağlı regiondan Bakıya gəlməzlər”.

Memar Muxtar Ərturanın fikrincə, paytaxtın köçürülməsi məsələsi əsasən burada olan infrastruktur sıxlığından irəli gəlir:

“Biznes və təhsil mərkəzlərinin, bütün nazirliklərin Bakıda cəmləşməsi, rayonlardan insanların Bakıya axını, paytaxtda biznes mühitinin yaradılmasından irəli gəlir. Bu baxımdan da hazırda Bakı şəhərində gördüyümüz tıxacın, bir-birinin ardınca olan binaların, ofislərin, universitetlərin, nazirliklərin hamısının bir arada olması böyük sıxlıq əmələ gətirir və nəticədə paytaxtın yüklənməsinə səbəb olur. Paytaxtın köçürülməsi ilə bağlı hansısa müzakirələrin aparılması düşünürəm, yanlış olar. Belə ki, böyük bir paytaxtın hansısa rayona, şəhərə köçürülməsi sanki böyük ölçülü paltarın arıq adama geyindirilməsinə bənzəyər. Elə rayonumuz, şəhərimiz, kəndimiz yoxdur ki, Bakı boyda nəhəng paytaxtın yükünü daşıyacaq qədər infrastrukturu və həcmi olsun. Bakının Baş Planı hazırlanır. Artıq orada Bakının genişləndirilməsi ilə bağlı müəyyən infrastruktur layihələri də təsdiqlənib. Bu infrastruktur Bakıda olan sıxlığın qarşısını almağa hesablanmaqla yanaşı, yaşıllaşdırılmanın da sayının artırılması və böyük layihələrə yol açır”.

Muxtar Ərturan

Memarın sözlərinə görə, əgər paytaxtın hansısa rayona köçürülməsi fikri real olsa, o zaman yenidən paytaxtın yaradılması məsələsi aktuallaşacaq:

“Mövcud bir şəhərin üzərində yeni paytaxt qurulmasındansa, paytaxtın yeni bir yerdə salınması daha məqsədyönlü olar və maliyyə baxımından az vəsait tələb edər. İnşaatla məşğul olan insanlar bilirlər ki, hər hansı rekanstruksiya işini görməkdənsə, yeni şəhərin salınması büdcəyə daha qənaət etmiş olur. Avropa təcrübəsinə baxanda da görürük ki, yeni paytaxtlar salınarkən hansısa bir kənd-rayon modelinin üzərində yox, yenidənqurma işləri apararaq həyata keçirilir. Avropa təcrübəsinə müraciət etsək, görərik ki, Avropa praktikasında şəhərin paytaxt kimi funksiya daşıması, ofislərin, məktəblərin və universitetlərin çıxarılması halları çox olur”.

M.Ərturan Bakı şəhərində nazirliklərin çıxarılması məsələsinə toxunub:

“Bütün nazirliklərin Bakı şəhərində yığılması və bu nazirliklərdə olan əməkdaşların işə gedib-gəlmə məsələləri infrastrukturda problem yaradan məsələdən biridir. Həm məktəb, həm də universitetlərdə dərslərin saat 8-də başlaması birbaşa tıxacın, infrastrukturda sıxlığın əmələ gəlməsinə səbəb olur. Bunun isə həlli yolu odur ki, bu, müəyyən saatlara bölünməlidir. Məsələn, məktəblərdə dərs saat 8-də, universitetlərdə isə 10-da başlasa, artıq şəhərdə olan tıxacların qarşısı da alınacaq”.

Muxtar Ərturan deyib ki, paytaxtı köçürmək əvəzinə mütləq regionlarda iş yerləri açılmalıdır: “Bu məsələnin həlli yolu şəhərdə biznes mühitinin, dövlət idarəetmə orqanları və təhsil mühitinin Bakıdan yaxın rayon və şəhərlərə köçürülməsi paytaxtın yüklənməsinin tam qarşısını alacaq. Bu gün tərəvəz satmaq istəyən də, daş satmağı düşünən də Bakı şəhərinə doluşur”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

Zaira Akifqızı
Globalinfo.az