Azyaşlılar arasında bıçaqlanmanın səbəbi budur – Psixoloq

Son vaxtlar azyaşlılar, yeniyetmələr arasında dava və bıçaqlanma halları müşahidə edilir. Xüsusən məktəblilər arasında bu cür hadisələrin yaşanması vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir.

Ümumiyyətlə, azyaşlıların, yeniyetmələrin soyuq silah gəzdirməsinin səbəbi nədir? Sözügedən yaş kateqoriyası üzrə dava, bıçaqlanma hallarının artması nədən qaynaqlanır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, azyaşlılar, yeniyetmələr arasında dava və bıçaqlanma hallarının artmasına təsir edən bir neçə faktor var:

“Əvvəlcə onu qeyd edim ki, insanlar arasında aqressiya heç də eyni cür təzahür etmir. Belə ki, bu hal bəzi insanlarda qəzəb, səs tonunu yüksəltməklə, bəzilərində söyüş, təhqiramiz ifadələr işlətməklə, bəzilərində isə qarşısındakı insana zərər verib həyatına qəsd etməklə özünü büruzə verə bilir.

Yeniyetmələr arasında isə son illərdə xüsusilə aqressiyanın son həddi olan fiziki zərərvurma və bıçaqlama hallarında artım müşahidə olunur. Təəssüf ki, əvvəlki illərə nəzərən yeniyetmələrin öz yaşıdları ilə dava etməsi, hətta məktəblərdə müəllimlərini ələ salıb onlara əl qaldırması kimi hallarla da qarşılaşırıq. Bütün bu mənfi hadisələr, əslində, həm də problemin nədən qaynaqlandığı sualını aktuallaşdırır.

G.Orucova vurğulayıb ki, bu kimi hallar daha əvvəllər də yaşanıb:

“Sadəcə, sosial şəbəkələrin ildən-ilə həyatımızın ayrılmaz parçasına çevrilməsi, insanların informasiyaya əlçatanlığının artması belə xəbərləri tez-tez eşitməyimizə səbəb olur. Əsasən də sosial şəbəkələrdə xəbər səhifələri və ya qruplarda bu kimi hallar daha çox tirajlanır. “Övlad anasını öldürdü”, “qardaş bacının başını kəsdi”, “ər arvadın gözünü çıxartdı” kimi xəbərləri azyaşlılar və yeniyetmələr də oxuyur. Bu yaş kateqoriyasında olan insanlar təəssüf ki, oxuduqlarını mənfi olaraq qəbul etmir və bunu təkrarlamaq istəyir. Bu da nəticədə yeniyetmələrin aqressiv davranış sərgiləməsinə gətirib çıxarır”.

Psixoloqun sözlərinə görə, valideynlər hər şeydən öncə övladlarına diqqət, qayğı göstərməli, fərd kimi onların yetişməsində diqqətli olmalıdır:

“Diqqət deyərkən mən uşağa və ya yeniyetmələrə hər istədiklərinin alınmasını nəzərdə tutmuram. Bir çox ailələrdə uşaqlar, yeniyetmələr şiddətə, təhqirə məruz qalırlar. Hər iki yanaşma da yanlışdır. Valideynlər  övladlarını dinləməli, onlara fərd kimi yanaşmalıdırlar”.

Turan Rzayev
Globalinfo.az