WhatsApp Image 2026 06 17 at 10.55.48

“Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Art-terapiya mədəniyyətin və sağlamlığın keşiyində” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində tətbiqi sənət sahəsində formalaşdırılmış müəllif metodologiyası və ailə modelli özəl art-terapiya təcrübəsinin ABŞ-ın paytaxtı Vaşinqtonda tanıdılması nəzərdə tutulur.

İctimai Birliyin sədri, tanınmış tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı Globalinfo.az-a layihənin əsas missiyası haqda danışıb:

“Yaratdığımız metodologiya tətbiqi sənəti sadəcə bir bəzək vasitəsi, estetik zövq obyekti kimi deyil, ruh halında, düşüncələrdəki xaosdan nizama keçid funksiyasını yerinə yetirən bir proses kimi nəzərdən keçirir. On bir il əvvəl ailəmiz daxilində formalaşdırdığımız bu yanaşma, həm də istənilən mədəni irs elementinin yenidən həyata qaytarılmasına imkan verir. Biz müxtəlif dövrlərə və coğrafiyalara aid, lakin zamanla unudulmuş və ya itirilmiş mədəni irs nümunələrinin xarakterik elementlərini ən müasir texnologiyalar vasitəsilə bərpa edərək onları müasir sənət əsərlərinə daşımağı hədəfləmişik. Vaşinqtondakı tədbirlərdə məqsədimiz həm bu texnoloji-bədii bərpa prosesini, həm də sənətin insan psixologiyasına müsbət təsirini beynəlxalq akademik dairələrlə bölüşməkdir”.

Lalə Sərdarlı vurğulayıb ki, Vaşinqton səfəri üçün hazırlanan kolleksiya həm mədəni, həm də tədqiqatçılıq xarakteri daşıyır:

“Sərgidə nümayiş olunacaq nümunələr tədqiqat və yaradıcılıq sintezinin məhsuludur. Biz eyni zamanda rəqəmsal bərpa və ənənəvi sənətkarlıq texnikalarından istifadə edərək, itirilmiş irsi mədəniyyətlərarası dialoq müstəvisinə də çıxarırıq. Vaşinqtonda keçiriləcək görüşlərdə əsas hədəfimiz, formalaşdırdığımız “ailə modelli art-terapiya” təcrübəsinin müxtəlif mədəni mühitlərdə tətbiq olunma imkanlarını müzakirə etməkdir”.

Hazırda layihə üzrə ABŞ-ın elm, təhsil və muzey mərkəzləri ilə əməkdaşlıq çərçivəsində logistik və konseptual hazırlıq işləri davam etdirilir. Layihənin növbəti mərhələsində Vaşinqtonda keçiriləcək tematik təqdimat formatlı sərgi vasitəsilə Azərbaycanın tətbiqi sənət ənənələrinin qlobal səviyyədə təbliğinə töhfə verilməsi planlaşdırılır.

Globalinfo.az

Paylaş: