Azərbaycan xalqı Qurban bayramını qeyd edir

Bu gün Azərbaycanda Qurban bayramıdır.

Globalinfo.az-ın məlumatına görə, artıq dördüncü ildir Azərbaycan xalqı Qurban bayramını zəfər abu-havasında qarşılayır və bayram azad edilən torpaqlarda da qeyd olunur.

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını və ölkədən kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, ən səmimi arzu və diləklərini çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası da Qurban bayramına dair tövsiyələrini çatdırıb.

Bayrama dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə Həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savab sayılır. Adətən, qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar.

Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən, müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir.

Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur

Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.

Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər. Məscidlərdə bayram namazları qılınacaq. Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyunun 16-17-si qeyri-iş günüdür.