baki foto 1

Azərbaycan dövlətçiliyinin müasir inkişaf salnaməsində elə hadisələr var ki, zaman keçdikcə daha geniş tarixi məzmun qazanır, milli iradənin, siyasi müdrikliyin və strateji uzaqgörənliyin rəmzinə çevrilir. 2021-ci il iyunun 15-də azad Şuşada Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması da məhz belə hadisələr sırasında xüsusi yer tutur”.

Bu sözləri Globalinfo.az-a deputat Rövşən Muradov Qurtuluş Günü münasibətilə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu sənəd Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi, regionda yeni təhlükəsizlik nizamının formalaşdırılması və Azərbaycan-Türkiyə qardaşlığının hüquqi-siyasi zirvəyə yüksəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır:

“Şuşa Bəyannaməsinin mahiyyətini anlamaq üçün ilk növbədə onun imzalandığı məkanın mənasına diqqət yetirmək lazımdır. Şuşa Azərbaycan xalqının mədəni yaddaşında yalnız bir şəhər adı kimi yaşamır. Şuşa milli ruhun, tarixi ləyaqətin, sənət və fikir irsinin, dövlət iradəsinin ən ali rəmzlərindən biridir. Otuz ilə yaxın işğal altında saxlanılmış bu şəhərin azad edilməsi Azərbaycan xalqının mənəvi bütövlüyünü bərpa etdi, həmin müqəddəs məkanda müttəfiqlik sənədinin imzalanması isə Zəfərin siyasi və hüquqi məzmununu yeni mərhələyə daşıdı. Beləliklə, Şuşa Bəyannaməsi işğaldan azad olunmuş torpaqlarda yalnız quruculuğun başlanğıcını deyil, həm də Azərbaycan dövlətinin suverenlik fəlsəfəsinin təntənəsini ifadə etdi. Bu sənədin ideya yükü tarixi varislik prinsipinə söykənir”.

Deputat bildirib ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı ilə Ümummilli Lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” fikrinin Bəyannamədə mənəvi-siyasi istinad kimi yer alması təsadüfi xarakter daşımır:

“Bu iki böyük liderin sözləri Azərbaycan-Türkiyə münasibətlərinin diplomatik protokol sərhədlərini aşdığını, qardaşlıq, ortaq tale, siyasi həmrəylik və tarixi məsuliyyət üzərində yüksəldiyini göstərir. Ölkə başçısının Şuşada bu irsə istinad etməsi keçmişin böyük ideallarını XXI əsrin strateji reallıqları ilə birləşdirən müdrik dövlətçilik xəttinin ifadəsidir. Şuşa Bəyannaməsinin tarixi dərinliyini artıran mühüm məqamlardan biri sənəddə Qars müqaviləsinə edilən istinaddır. 1921-ci ildə imzalanmış Qars Müqaviləsi regionun siyasi-hüquqi taleyində mühüm mərhələ yaratmışdı. Bir əsr sonra azad Şuşada müttəfiqlik haqqında sənədin imzalanması tarixin simvolik davamlılığını nümayiş etdirdi. Burada yalnız yubiley uyğunluğu müşahidə olunmur. Daha dərin mənada Azərbaycan və Türkiyə yüz il əvvəl regionun hüquqi-siyasi sabitliyi üçün ortaya qoyulmuş irsi yeni əsrin geosiyasi çağırışları fonunda daha müasir, daha çevik və daha strateji məzmunla tamamladı”.

Rövşən Muradov deyib ki, Şuşa Bəyannaməsi bu baxımdan tarixi yaddaşla gələcək vizionunu eyni siyasi məntiqdə birləşdirən nadir sənədlərdəndir:

“Bəyannamənin əsas siyasi nəticəsi Azərbaycan və Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsidir. İki qardaş ölkə arasında əlaqələr uzun illər strateji tərəfdaşlıq ruhunda inkişaf etmiş, lakin Şuşa Bəyannaməsi bu münasibətlərə daha yüksək hüquqi-siyasi status qazandırıb. Sənəd siyasi məsləhətləşmələrin intensivləşdirilməsini, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsini, milli maraqların müdafiəsi istiqamətində əlaqələndirilmiş fəaliyyətin genişləndirilməsini nəzərdə tutur. Bununla Azərbaycan və Türkiyə regional proseslərə yalnız müşahidəçi mövqeyindən baxan aktorlar kimi qalmır, əksinə, Cənubi Qafqazın gələcək təhlükəsizlik və əməkdaşlıq gündəliyini müəyyən edən aparıcı dövlətlər kimi çıxış edirlər.

Müdafiə və təhlükəsizlik sahəsində müddəalar Şuşa Bəyannaməsinin strateji ağırlığını daha da artırır. Sənəd iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin yüksəldilməsini, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsini, hərbi-texniki təcrübə mübadiləsinin genişləndirilməsini və təhlükəsizlik məsələlərində birgə addımların atılmasını nəzərdə tutur. Bu müddəalar regionda revanşist meyillərə açıq siyasi xəbərdarlıq olmaqla yanaşı, sülhün qorunması üçün çəkindirici mexanizm rolunu oynayır”.

Rövşən Muradov qeyd edib ki, Azərbaycanın dövlət sərhədlərinə, ərazi bütövlüyünə və suveren hüquqlarına qarşı hər hansı təhdid artıq daha geniş müttəfiqlik koordinatlarında dəyərləndirilir:

“Bu, Cənubi Qafqazda yeni müharibə risklərini azaldan, sabitlik üçün real təminat yaradan mühüm amildir.

Şuşa Bəyannaməsinin iqtisadi məzmunu da eyni dərəcədə əhəmiyyətlidir. Sənəd Azərbaycan və Türkiyə arasında ticarət, investisiya, enerji, sənaye, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsini strateji xəttə çevirir. Bu əməkdaşlıq yalnız iki ölkənin iqtisadi göstəricilərinə təsir göstərmir, eyni zamanda Avropa ilə Asiya arasında formalaşan yeni ticarət marşrutlarının gələcəyinə ciddi təsir edir. Azərbaycanın enerji infrastrukturu, nəqliyyat dəhlizləri və coğrafi mövqeyi Türkiyənin beynəlxalq bazarlara çıxış imkanları ilə birləşdikdə böyük geoiqtisadi sinerji yaranır. Bu sinerji Prezident İlham Əliyevin illər ərzində ardıcıl şəkildə qurduğu nəqliyyat-logistika strategiyasının nəticəsi kimi Azərbaycanın regional iqtisadi cazibəsini daha da artırır. Bu kontekstdə Zəngəzur dəhlizi xüsusi strateji məna daşıyır”.

rovsen muradov deputat

Rövşən Muradov

Deputatın sözlərinə görə, bəyannamədə əks olunan bu istiqamət Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa bağlantısını təmin etməklə yanaşı, Türk dünyasının coğrafi, iqtisadi və kommunikasiya baxımından bütövləşməsinə xidmət edir:

“Qars-İğdır-Naxçıvan dəmir yolu, Bakı-Tbilisi-Qars xətti və Orta Dəhliz konsepsiyası birlikdə Avrasiya məkanında yeni bağlantı xəritəsi formalaşdırır. Həmin xəritədə Azərbaycan sadə tranzit məntəqəsi kimi iştirak etmir. Ölkəmiz təhlükəsiz marşrutların təminatçısı, qitələrarası ticarət axınlarının mühüm koordinasiya mərkəzi və regional inteqrasiyanın əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Bu reallıq Azərbaycanın geosiyasi mövqeyinin iqtisadi üstünlüyə çevrilməsinin parlaq nümunəsidir”.

Müsahibimiz onu da bildirib ki, Şuşa Bəyannaməsi həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən inteqrasiya proseslərinə mühüm siyasi impuls verir: “Azərbaycan-Türkiyə müttəfiqliyi türk dövlətləri arasında əməkdaşlığın daha sistemli və strateji əsaslarla inkişafı üçün nümunə yaradır. Bu sənəd türk dünyasında yalnız mədəni yaxınlığın ifadəsi kimi qalmır, siyasi koordinasiya, iqtisadi bağlantılar, təhlükəsizlik düşüncəsi və ortaq gələcək təsəvvürünün formalaşması üçün konseptual baza rolunu oynayır. Şuşadan başlayan bu strateji xətt Azərbaycanı türk dünyasının intellektual, siyasi və nəqliyyat-kommunikasiya mərkəzlərindən biri kimi daha da ön plana çıxarır.

Prezident İlham Əliyevin liderliyi Şuşa Bəyannaməsinin siyasi dəyərini müəyyən edən əsas amildir. Dövlət başçısı Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsini təmin etməklə yanaşı, Zəfərdən sonrakı mərhələdə həmin tarixi nailiyyəti diplomatik sənədlərlə, beynəlxalq tərəfdaşlıq mexanizmləri ilə və uzunmüddətli regional layihələrlə möhkəmləndirdi. Bu, müasir dövlətçilik təfəkkürünün ən yetkin nümunələrindən biridir. Çünki böyük qələbələr yalnız döyüş meydanında qazanılmır, onların tarixi ömrü düzgün diplomatiya, möhkəm hüquqi baza, iqtisadi strategiya və siyasi ardıcıllıq vasitəsilə təmin olunur. Şuşa Bəyannaməsi məhz bu dövlətçilik fəlsəfəsinin bariz təcəssümüdür”.

R.Muradov deyib ki, bu sənədin imzalanmasından sonra hər il Şuşada keçirilən beynəlxalq konfranslar da Bəyannamənin canlı siyasi məzmununu qoruduğunu göstərir:

“2022-ci ildə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin Qafqaz və region üçün sülh və sabitlik mənbəyi kimi müzakirə olunması, 2023-cü ildə “Qurtuluşdan Zəfərə” mövzusunun gündəmə gətirilməsi, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının geosiyasi reallıqlar fonunda yeni hədəflərinin təhlili, 2025-ci ildə isə yeni dünya nizamının geosiyasi aspektləri və qlobal çağırışlar ətrafında fikir mübadiləsinin aparılması Şuşanın artıq yalnız mədəniyyət paytaxtı kimi yox, həm də regional və qlobal strateji düşüncə platforması kimi formalaşdığını təsdiqləyir.

Şuşa Bəyannaməsi Azərbaycan dövlətçiliyinin Zəfərdən sonrakı siyasi memarlığında xüsusi yer tutan fundamental sənəddir. O, Azərbaycan-Türkiyə qardaşlığını hüquqi müttəfiqlik səviyyəsinə yüksəldir, Cənubi Qafqazda sabitliyin qorunmasına xidmət edir, Zəngəzur dəhlizi və Orta Dəhliz vasitəsilə Avrasiya məkanında yeni iqtisadi bağlantılar yaradır, informasiya və diaspor sahəsində ortaq fəaliyyətin əsaslarını gücləndirir, Türk dünyasının strateji birliyinə yeni məzmun qazandırır. Ən mühümü isə budur ki, Şuşa Bəyannaməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi Zəfəri diplomatik qüdrətə, diplomatik qüdrəti regional liderliyə, regional liderliyi isə uzunmüddətli dövlətçilik üstünlüyünə çevirmək bacarığının parlaq ifadəsi kimi tarixə yazılıb”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: