“Azərbaycan-Qırğızıstan münasibətlərinin dərinləşməsi təbii prosesdir. Çünki iki ölkəni ortaq tarix, kök, mənəvi dəyərlər bağlayır. Bu, münasibətlərimizin hüquqi baxımdan möhkəmləndirilməsinin mənəvi baza üzərində qurulduğunu göstərir”.
Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Qırğızıstanla Azərbaycan arasında Müttəfiqlik Müqaviləsinin imzalanması ilə bağlı danışarkən deyib.
O bildirib ki, münasibətlərin dərinləşdirilməsi iki açar region olan Mərkəzi Asiya və Cənubi Qafqazın yaxınlaşması baxımından da xüsusi əhəmiyyət kəsb edir:
“Bu tarixi hadisə keçmişə duyulan hörmət, indiki və gələcək nəsillərin taleyüklü qərarının verilməsidir. Sadəcə Qırğızıstanla Azərbaycan arasında deyil, Mərkəzi Asiya ilə Azərbaycan arasında yeni səhifə açılır.
Eyni konteksti əhatə edən sənəd 2005-ci ildə Qazaxıstanla, 2024-cü ildə isə Özbəkistanla imzalanmışdı. Habelə Azərbaycanın Türkmənistanla, Tacikistanla dərinləşdirilən münasibətləri də, imzalanan sənədlər də iki regionun münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən məsələdir”.
Politoloqun sözlərinə görə, müttəfiqlik sənədinin mahiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünə və suverenliyinə duyulan hörməti əldə tutmaqla digər bütün mühüm istiqamətlər üzrə münasibətləri dərinləşdirəcək:
“Burada hərbi və hərbi-texniki əməkdaşlıq, xarici siyasət sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, habelə nəqliyyat, logistika, yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi önəmli amillərdən biridir.
Dünyamız yeni çağırışlarla üz-üzədir. Bu istiqamətdə transmilli mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması, insan alveri kimi təhdidlərə qarşı birgə mübarizə də bu sənəddə qeyd olunub”.
Şəbnəm Həsənova
Ş.Həsənovanın sözlərinə görə, önəmli məqamlardan biri də Prezident İlham Əliyevin Qırğızıstanın “Manas” ordeni ilə, Qırğızıstan Prezidenti Sadır Japarovun isə “Heydər Əliyev” ordeni ilə təltif edilməsidir:
“Bu isə ondan xəbər verir ki, iki ölkə lideri tarixi əlaqələrin inkişafında həqiqətən xüsusi xidmətləri ilə seçilən liderlərdir. Qırğızıstan–Azərbaycan İnvestisiya Fondunun maliyyə imkanlarının ikiqat artırılması üzərində cənab Prezident İlham Əliyev xüsusilə dayandı. Bu istiqamətdə fondun maliyyə imkanlarının ikiqat artırılaraq 200 milyon dollara çatdırılması ilə bağlı razılığa gəlinməsi bundan sonra atılacaq addımların davamlı olması baxımından xüsusi əhəmiyyət kəsb edən məsələdir.
Bütövlükdə Azərbaycan Prezidentinin Qırğızıstana səfəri Mərkəzi Asiya və Cənubi Qafqaz üçün yeni imkanların açılması deməkdir. Siyasi münasibətlərin dərinləşdirilməsi qədər sosial-iqtisadi xarakterli qlobal risklərin və çağırışların dəf edilməsində də bu səfərin xüsusi əhəmiyyət kəsb etdiyini demək olar.
Hər iki region strateji nöqtədə yerləşməklə yanaşı, zəngin təbii resurslara və əlverişli coğrafi mövqeyə malik regiondur. Bu baxımdan hər iki regiona beynəlxalq marağın artması fonunda münasibətlərin dərinləşdirilməsi son dərəcə düşünülmüş addımdır”.
Turan Rzayev
Globalinfo.az