546191 900x611 2

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim olunan və Qəzzada vəziyyətin tənzimlənməsini nəzərdə tutan planı qəbul etmədiyini bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Ben-Qvir bəyan edib ki, “HƏMAS”ın tam tərksilahı, silahların Qəzzadan çıxarılması və bölgənin tam demilitarizasiyası hər hansı razılaşmanın əsas şərti olmalıdır.

Onun sözlərinə görə, 2023-cü il oktyabrın 7-də baş verən hücumdan sonra İsrail HƏMAS üzvlərinin məhv edilməsindən imtina etməməlidir.

“Financial Times” nəşrinin yazdığına görə, İsrailin sağçı qüvvələri Baş nazir Benyamin Netanyahuya Trampın Qəzza ilə bağlı planını rədd etməsi üçün təzyiq göstərir.

İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman HƏMAS-la istənilən razılaşmanı 7 oktyabr hadisələrinə səbəb olan yanlış siyasətə qayıdış kimi xarakterizə edib. İsrail ordusunun keçmiş Baş qərargah rəisi, baş nazirliyə namizəd Qadi Ayzenkot isə Netanyahunun siyasi zəiflik səbəbindən razılaşmaya getdiyini bildirib və HƏMAS-ın məhv edilməli olduğunu deyib.

Daha əvvəl Donald Tramp HƏMAS və digər silahlı qrupların tam tərksilah olunması ilə bağlı razılaşmanın əldə edildiyini açıqlayıb. Onun sözlərinə görə, tərksilah prosesindən sonra İsrail qoşunları Qəzzadan çıxarılacaq, beynəlxalq sabitləşdirmə qüvvələri isə yeni Fələstin polisi ilə birlikdə bölgədə təhlükəsizliyi təmin edəcək.

Qəzza üzrə yaradılan Sülh Şurası da HƏMAS-ın atəşkəs rejiminə əməl etmək üçün silahlarını sıradan çıxarmaq planını alqışladığını açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: