hem

“HƏMAS”a tabe olan polis qüvvələri yaxın iki həftə ərzində Qəzzadakı müvəqqəti hakimiyyət orqanlarına silah təhvil verməyə başlayacaqlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu, ABŞ hakimiyyəti və onların təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın nümayəndələrinin fikridir.

“Amerika rəhbərliyi Qəzza sülh müqaviləsinin ikinci mərhələsinin tezliklə həyata keçirilməsinə nikbin yanaşır. Lakin bu, hələlik yalnız HƏMAS-ın nəzarəti altında olan polis bölmələrinə aiddir. HƏMAS-ın əsas silahlı qüvvələrinin tərksilah edilməsinin, o cümlədən ağır silahların təhvil verilməsinin vaxtı hələlik məlum deyil. ABŞ hakimiyyətinin və “Sülh Şurası”nın bəzi nümayəndələrinin qiymətləndirməsinə görə, bu proses 200 gündən 350 günə qədər çəkə bilər”, – deyə qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın Qəzzada HƏMAS və digər silahlı qrupların tamamilə tərksilah edilməsi barədə razılığa gəldiyini açıqlamışdı. ABŞ prezidenti həmçinin bundan sonra İsrail bölmələrinin Qəzzadan çıxarılacağını da açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: