xezer denizi

Dünya okeanlarının dibində, əsasən Birinci və İkinci Dünya müharibələri zamanı batmış 8500-dən çox gəmi ekoloji təhlükə mənbəyinə çevrilib. Alimlərin fikrincə, güclü fırtınalar, zəlzələlər və ya metal konstruksiyaların tam sıradan çıxması nəticəsində suyun altındakı bir neçə gəmidən neft sızması baş verə bilər. Bu isə dəniz ekosistemlərinə uzunmüddətli və ağır zərbə vurmaq riski daşıyır.

Xəzərlə bağlı bənzər risklər varmı? Ümumiyyətlə, Xəzərin dibini öyrənə bilmişik? Dənizin dibində sursat və təhlükəyə çevrilə biləcək nələr var?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, okeanlar Yer səthinin 70 faizdən çoxunu əhatə edir:

“Maraqlıdır ki, planetimizin ayrılmaz hissəsi olan okeanları və dənizləri hələ də tam şəkildə öyrənə bilməmişik. İnsan fəaliyyəti nəticəsində okean və dənizlərdə çoxsaylı texnoloji proseslər həyata keçirilir. Bunlara neft və qaz hasilatı, logistika, gəmiçilik, balıqçılıq, müxtəlif sənaye fəaliyyətləri, hətta hərbi təyinatlı layihələr daxildir. Bütün bunlar dəniz ekosistemlərinə ciddi təsir göstərən amillərdir. Bəzən ekoloji risklərə kifayət qədər diqqət ayrılmır. Halbuki ekologiya məsələləri hər zaman prioritet olmalıdır. Bununla belə, etiraf etmək lazımdır ki, hazırda dünya miqyasında dənizlərdə həyata keçirilən bəzi texnoloji proseslər daha böyük ekoloji risklər yaradır. Gəmilərlə bağlı baş verən qəzalar da təhlükəlidir, lakin bunlar dənizdə neft hasilatı və digər iri sənaye fəaliyyətləri nəticəsində yarana biləcək ekoloji fəsadlarla müqayisədə daha kiçik miqyaslı ola bilər. Bunun ən bariz nümunələrindən biri Meksika körfəzində bp şirkətinə məxsus neft platformasında baş vermiş böyük qəza idi. Oxşar hadisələr müxtəlif dövrlərdə Şimal dənizində və Fars körfəzində də qeydə alınıb. Son illərdə Türkiyə boğazlarında da neft dağılması halları müşahidə olunub”.

arzu

Arzu Mustafayev

Ekspert bildirib ki, Xəzər dənizində də son illərdə oxşar hallarla rastlaşırıq:

“Belə risklərin gələcəkdə də davam etməsi ehtimalı var. Bununla bağlı həm mütəxəssislər, həm də ekoloji problemlərə həssas yanaşan vətəndaşlar dəfələrlə narahatlıqlarını ifadə ediblər. Xəzərdə neft hasilatı ilə bağlı istifadə olunan bir sıra mühəndis qurğuları artıq köhnəlib və uzunmüddətli istismar nəticəsində aşınmaya məruz qalıb. Digər tərəfdən, neft hasilatının azalması fonunda bu obyektlərin yenilənməsi və ya modernləşdirilməsi iqtisadi baxımdan hər zaman səmərəli hesab edilmir. Nəticədə müəyyən texnoloji risklər artır və zaman-zaman neft dağılması halları baş verir. Bu cür hadisələrə yaxın keçmişdə Dübəndi ərazisində də rast gəlinib. Təəssüf ki, son illərdə dənizdə neft dağılmalarının monitorinqi əvvəlki səviyyədə aparılmır. Eyni zamanda, Xəzərin su bioresurslarının monitorinqi də arzuolunan vəziyyətdə deyil. Bütün bunlar dənizin canlı aləminə birbaşa mənfi təsir göstərir. Ekosistemlər zəifləyir, bioloji müxtəliflik risk altına düşür və dəniz canlıları ciddi stress yaşayır. Neft suda həll olunmayan maddədir. Ona görə də hasilat və daşınma proseslərində texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi ətraf mühit üçün çox ciddi nəticələr doğura bilər”.

A.Mustafayev qeyd edib ki, Xəzər dənizi həssas ekosistem hesab olunur:

“Burada hətta lokal miqyaslı neft dağılması belə uzunmüddətli və ciddi ekoloji nəticələrə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Xəzər təxminən 800 kilometrlik Azərbaycan sahil zolağının 150 kilometrdən çox hissəsi xüsusi mühafizə olunan təbiət əraziləridir. Bu ərazilər yüksək bioloji müxtəlifliyə malik həssas ekosistemlərdir və burada baş verən hər hansı çirklənmə geri dönməsi çətin olan ekoloji proseslərə səbəb ola bilər. Bu baxımdan ilk növbədə neft hasilatı ilə məşğul olan şirkətlər, eləcə də bu sahəyə nəzarət edən dövlət qurumları ekoloji təhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşmalıdırlar.

Xəzərdə iri neft tankerinin batması ilə bağlı geniş təsdiqlənmiş məlumat yoxdur. Lakin istənilən halda həm Azərbaycan, həm Qazaxıstan, həm də Türkmənistan sektorlarında həyata keçirilən neft hasilatı və daşınması müəyyən ekoloji risklər yaradır. Məhz buna görə də Xəzərin dəniz mühitinin mühafizəsinə dair beş sahilyanı dövlətin qoşulduğu Çərçivə Konvensiyası mühüm əhəmiyyət daşıyır. Bu beynəlxalq əməkdaşlıq mexanizmi Xəzərin ekoloji təhlükəsizliyinin təmin olunmasına, çirklənmənin qarşısının alınmasına və mümkün risklərin birgə idarə edilməsinə xidmət edir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: