ABŞ lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüş zamanı Kiyevə Patriot hava hücumundan müdafiə sistemi üçün raketlərin verilməsi xahişini rədd edib.
Globalinfo.az bildirir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The Atlantic” nəşri yazıb.
Nəşrin yazdığına görə, Zelenski Rusiyanın qış aylarında gözlənilən ballistik raket hücumlarından müdafiə məqsədilə Ukraynaya 300 ədəd Patriot raketinin verilməsini istəyib. Onun fikrincə, Rusiya yenidən ölkənin enerji və istilik infrastrukturunu hədəfə almağa cəhd göstərə bilər. Lakin Tramp bu müraciətə mənfi cavablandırıb.
Bildirilir ki, ötən qış Ukraynanın kritik infrastrukturunu qorumaq və Rusiya raketlərini zərərsizləşdirmək üçün məhdud sayda Patriot raketi olub. Ancaq sonradan ABŞ-ın öz ehtiyatları da İranla müharibə fonunda əhəmiyyətli dərəcədə azalıb.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin qiymətləndirməsinə əsasən, hazırda ABŞ-ın arsenalında təxminən 759 ədəd müasir “Patriot PAC-3” raketi qalıb ki, bu da əvvəlki ehtiyatların təxminən üçdəbirinə bərabərdir. Eyni zamanda, “Lockheed Martin” şirkəti ildə cəmi 600–620 belə raket istehsal edə bilir.
Raketlərin birbaşa tədarükü əvəzinə Vaşinqton Kiyevə onların istehsalı üçün lisenziya verməyi təklif edib. Donald Tramp bu barədə iyulun əvvəlində Ankarada keçirilən NATO sammitində danışıb. Bununla belə, nəşr qeyd edir ki, Ukrayna yaxın bir neçə il ərzində bu raketləri genişmiqyaslı şəkildə istehsal etmək imkanına malik olmayacaq.
Ankaradakı görüşdən sonra Volodimir Zelenski ABŞ prezidentinin Ukraynaya istehsal lisenziyaları verməyə razı olduğunu bildirib. Lakin Ağ ev bunu rəsmi şəkildə təsdiqləməyib. Donald Tramp isə məsələ ilə bağlı hələ yekun qərar qəbul etmədiyini, lisenziyanın verilməsinin hələ də nəzərdən keçirildiyini söyləyib.
Əliyar Xəlil