xezer gemi 1 900x600 1

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən su obyektinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələri potensialından daha səmərəli istifadənin təmin edilməsi məqsədilə dənizdə külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən ümumi sahəsi 711,4 kvadratkilometr təşkil edən su obyekti bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib (su obyektinin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur).

Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Qərar ilə müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun həyata keçirsin.

Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 711,4 kvadratkilometr sahəsi olan su obyektində külək elektrik stansiyalarının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 3-cü hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən 2 edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 (üç) gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilsin.

Paylaş: