23e26ff6c7b1daec64c9996338ff1018 1

Dünya futbolunda yeni qalmaqal yaranıb. Avropanın aparıcı ölkələri FIFA-nın Dünya çempionatının kommersiya hüquqları ilə bağlı planlarına etiraz edərək, dəyişiklik edilmədiyi halda mundialı boykot etmək ehtimalını gündəmə gətirib.

FIFA ilə Avropa ölkələri arasında yaranan bu qarşıdurma hansı nəticələrə səbəb ola bilər? Dünya çempionatının boykot edilməsi real ssenaridirmi?

Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev deyib ki, FIFA ilə UEFA arasında yaranan bu gərginlik dünya futbolu üçün çox ciddi hadisədir:

“Açığı, futbol tarixində FIFA-nın tabeliyində fəaliyyət göstərən bu qədər böyük bir qurumun FIFA rəhbərliyinə qarşı açıq və rəsmi şəkildə etiraz etməsinin analoqu demək olar ki, olmayıb. Məhz buna görə də baş verənləri kifayət qədər ciddi qiymətləndirmək lazımdır. FIFA prezidenti Canni İnfantino Dünya Çempionatının yayım və kommersiya hüquqları ilə bağlı qərarlar qəbul edərkən bunun futbolun gələcəyinə və nüfuzuna necə təsir göstərə biləcəyini nəzərə almalıdır. Hesab edirəm ki, Dünya Çempionatı kimi futbolun ən nüfuzlu və simvolik turnirini həddindən artıq kommersiyalaşdırmaq strateji baxımdan ciddi səhvdir. Futbol digər idman növlərindən fərqli olaraq dünyanın ən populyar idman növüdür. Burada maliyyə mühüm rol oynasa da, hər şeyi yalnız kommersiya maraqları üzərində qurmaq doğru yanaşma deyil. Futbol milyonların deyil, milyardlarla insanın izlədiyi və sevdiyi qlobal bir idman növüdür. Bu səbəbdən Dünya Çempionatı kimi yarışlara yalnız gəlir mənbəyi kimi yanaşmaq qəbulolunmazdır”.

kenan mesteliyev
Kənan Məstəliyev

K.Məstəliyev UEFA-nın nümayiş etdirdiyi mövqeni dəstəklədiyini vurğulayıb:

“FIFA ilk növbədə dünya futbolunun inkişafına, şəffaf idarəçiliyə və idmanın maraqlarına xidmət etməlidir. Bu prinsiplərdən kənara çıxan istənilən qərarın etirazla qarşılanması təbiidir. UEFA-nın və onun tərkibindəki 55 milli assosiasiyanın ortaq mövqedən çıxış edərək rəsmi bəyanat verməsi göstərir ki, məsələ kifayət qədər ciddidir və bu, Canni İnfantinonun qərarlarının futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadığını ortaya qoyur. Düşünürəm ki, bu proses davam edər və FIFA rəhbərliyi, xüsusilə də Canni İnfantino geri addım atmasa, nəticədə mövcud vəziyyət onun istefasına qədər gedib çıxa bilər”.

Ekspert qeyd edib ki, əgər Avropa federasiyaları FIFA-nın təşkil etdiyi yarışlarda, xüsusilə Dünya Çempionatında iştirakdan imtina etsələr, həmin turnirin əvvəlki nüfuzu və əhəmiyyəti ciddi şəkildə zərər görəcək:

“Çünki dünya futbolunun əsas mərkəzi Avropadır və futbolun inkişaf istiqamətlərini də böyük ölçüdə UEFA müəyyənləşdirir. Belə bir ssenaridə FIFA-nın nüfuzu ciddi zərbə alacaq və hətta Dünya Çempionatı keçirilsə belə, onun əvvəlki idman və ictimai çəkisini qoruması çox çətin olacaq. Buna görə də hesab edirəm ki, yaranmış vəziyyətin həlli üçün FIFA rəhbərliyi kompromisə getməli və futbolun maraqlarını kommersiya maraqlarından üstün tutmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: