Dünya qarışıb, Azərbaycanda həlledici mərhələ başlayır – 13 gün qaldı…

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə iki həftədən az müddət qalıb. Maraq doğuran məqamlardan biri də seçkiöncəsi daxili və xarici vəziyyət, sosial-iqtisadi durum, eləcə də dünyada, regionda gedən müxtəlif proseslərdir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, dünya siyasi, iqtisadi və hərbi baxımdan çətin dövrlərini yaşayır:

“Rusiya-Ukrayna, HƏMAS-İsrail münaqişəsi, Şimali Koreya-Cənubi Koreya, Yaponiya və digər gərginliklər, Qırmızı dəniz, İran, İsrail və Pakistandakı problemlər, Çin-Tayvan münasibətləri, ABŞ-ın mövqeyi və s. hər bir sahəyə kəskin təsirini göstərir.

Vüqar İskəndərov

Azərbaycanda isə siyasi sabitlik, əmin-amanlıq hökm sürür: Qarabağ zəfəri ilə torpaqlarımız üzərində suverenliyimizin bərpası azərbaycanlıları dünyanın ən qürurlu xalqına çevirib. Ölkəmiz bütün sahələrdə inkişaf edir. Prezident İlham Əliyev tərəfindən islahatlar paketi təqdim olunub. Qarşıdakı prezident seçkilərindən sonra bu islahatlar yeni çağırışlara uyğun, keyfiyyətcə yeni formada davam etdiriləcək. İslahatların geniş sahəni əhatə etməsi xalqın iqtisadi, sosial vəziyyətinə, gələcəyə olan inamına böyük təsir göstərir”.

Deputat qeyd edib ki, seçkidə rekord sayda seçicinin iştirakı ehtimal edilir:

“Azərbaycanlılar qalib xalq kimi öz sözünü seçkidə deyəcək, 44 günlük Vətən müharibəsindəki birliyini bir daha göstərəcək. Bütün dünya xalqımızın siyasi proseslərdə də birliyinin şahidi olacaq. İlk dəfə səs verən gənclər isə başqa abu-havada olacaqlar, çünki bu seçkilər ilk dəfə ölkənin bütün ərazilərində keçiriləcək. Bunun böyük rəmzi mənası var”.

Safura Bənnayeva
Globalinfo.az