Avropa İttifaqının (Aİ) sənaye strategiyası üzrə komissarı Stefan Sejurne İttifaqın Çinlə ticarətin yaratdığı disbalanslardan iqtisadiyyatını qorumaq üçün alətlər paketini genişləndirəcəyini bildirib.
Avrokomissar Brüsselin Aİ iqtisadiyyatının müəyyən sahələrinə yardım məqsədilə Çinə qarşı idxal kvotaları və rüsumların tətbiqini gücləndirəcəyini söyləyib. Söhbət kimya sənayesi, metallurgiya və yaşıl texnologiyalar sahəsindən gedir.
Sejurnenin sözlərinə görə, məqsəd Çinlə münasibətləri pozmaq deyil, haqsız rəqabətdən müdafiədir.
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Çin 2-ci minilliyə “dünya fabriki” olaraq keçid etdi:
“Xüsusilə 2000-ci illərdən etibarən Aİ ilə Çin arasında ticarət gedərək artmağa başladı. Lakin bu, Çinin lehinə olan ticarət balansı ilə müşayiət olunmaqdadır. 2000-ci ildə tərəflər arasında ticarət kəsiri 50 milyard avro idisə, xüsusilə son 5-10 ildə ticarət kəsiri Çinin xeyrinə xeyli artıb. Ən son 2025-ci il üçün olan məlumata görə, 360 milyard avroya çatıb. Çin ilk illərdə yüksək dəyər yaradan məhsullar ixrac etmirdi. Lakin 2010-cu illərdən başlayaraq yüksək texnoloji məhsullar Avropa bazarlarını zəbt etməyə başladı.

Şəhla Cəlilzadə
Xüsusilə 2020-ci illərdə pandemiya dövründən etibarən artan enerji böhranı və yaşıl texnologiyalara yönəlmə sayəsində Çin ən müasir, yaşıl texnologiyalar, elektronika, elektromobillər, günəş panelləri, nadir metallar və s. sahələrdə üstünlük qazandı. Bu, Brüsseli Çinlə ticarətə “azad bazar prinsipləri” ilə deyil, geosiyasi rəqabət, sənaye təhlükəsizliyi və iqtisadi suverenlik məsələsi olaraq baxmağa vadar edir. Odur ki, avrokomissarların Çinə qarşı ticarət məhdudiyyətləri, tariflər və kvotalar təyin etməklə bağlı çağırışları Avropanın qlobal iqtisadiyyatda təsir gücünü qorumağa yönəlmiş addım olaraq dəyərləndirilməlidir.
Maraqlıdır ki, bu çağırış vaxtilə Çini yarımmüstəmləkə vəziyyətinə salan, bu ölkəyə “alçaldılma əsri” yaşadan dövlətlər, xüsusilə Fransanın təşəbbüsü ilə bir neçə Aİ üzvü tərəfindən irəli sürülüb. Avropa indi Çinə məğlub olmasına görə narahatdır. Odur ki, qarşıdakı dövrdə Aİ-nin də ABŞ kimi Çinlə iqtisadi münasibətlərində “azad bazar” prinsiplərini arxa plana atacağını demək olar. Aydındır ki, kollektiv Qərb qlobal gücə çevrilmək üçün dünyaya təlqin etdiyi dəyərləri öz güclərini qorumaq və ya təsis etmək üçün hər vaxt tapdalamağa hazırdır”.
Turan Rzayev
Globalinfo.az