Ali Məhkəmə sədrləri Şuşada: bəyannamə imzalandı – FOTO

Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ədalət mühakiməsi və informasiya texnologiyaları: müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Globalinfo.az xəbər verir ki, türkdilli dövlətlərin Ali Məhkəmələrinin sədrlərinin iştirakı ilə keçirilən konfransda Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov qonaqları “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib.

Sədr bildirib ki, Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycanın memarıdır.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin məhkəmə orqanları arasında əlaqələrin genişləndirilməsi, ümumi maraq doğuran məsələlər üzrə fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonra Türkiyə Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca çıxış edərək bildirib ki, Azərbaycanda siyasi birliyi təsis edən dünya şöhrətli Heydər Əliyev türk dünyasının  birliyi üçün də mühüm xidmətlər göstərib. Qeyd edilib ki, türkdilli dövlətlərin qarşılıqlı şəkildə öyrənəcəyi bir çox məsələlər var. Mehmet Akarca Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılmasının əhəmiyyətinə toxunaraq, məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin bütün türk dünyası üçün faydalı olacağına əminliyini vurğulayıb.

Konfransda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin sədrləri çıxış ediblər.

Sonda Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi ilə bağlı Şuşa Bəyannaməsinin imzalanıb.