ABŞ və İran danışıqları bərpa edir: Tehran Vaşinqtona şərt qoydu

maxresdefault 5

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçı ötən həftə İsrailin İrana qarşı hava zərbələrinə başlamasından sonra bir neçə dəfə telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters”ə üç diplomat məlumat verib.

Adlarının açıqlanmasını istəməyən diplomatların sözlərinə görə, Araqçı bildirib ki, Tehran danışıqlara yalnız İsrail hücumlarını dayandıracağı təqdirdə qayıda bilər.

Danışıqlar zamanı ABŞ-ın may ayının sonunda İrana təqdim etdiyi yeni təklif də qısaca müzakirə olunub. Təklifə əsasən, uranın zənginləşdirilməsi region daxilində, lakin İran ərazisindən kənarda həyata keçirilməlidir. Lakin Tehran bu ideyanı hələlik qəbul etməyib.

ABŞ və İran rəsmiləri məsələ ilə bağlı “Reuters”in sorğusuna cavab verməyib.

Bu həftə baş tutan telefon danışıqları tərəflər arasında aprel ayından bəri aparılan müzakirələr çərçivəsində ilk ən ciddi birbaşa təmas sayılır. Daha əvvəl Oman və İtaliyada keçirilən dolayı görüşlər zamanı Araqçı və Uitkoff yalnız qısa dialoqlar aparmışdılar.

Aysel Əliyeva
Globalinfo.az