Rusiya Xarici İşlər Nazirliyinin diplomatları Sünikə (Zəngəzur – red) gəliblər. Rusiya XİN-in qabaqcıl qrupunun diplomatları Sünikdə (Zəngəzur) Rus Evinin layihə koordinatoru L.A.Aqaxanyan və Kacaran icmasının rəhbəri M.V. Paramazyanla görüşüblər.
Rusiya səfirliyindən verilən məlumata görə, söhbət zamanı qrupun rəhbəri S.A.Çaşixin müxtəlif sahələrdə əməkdaşlığın təşviqi istiqamətində aparılan işlərdən, eləcə də qarşıda duran vəzifələrdən danışıb.
Qafan meri isə Rusiya şəhərləri ilə bələdiyyələrarası əlaqələrin inkişaf etdirildiyini vurğulayıb.
Rusiya-Ermənistan münasibətlərinin pisləşdiyi və ABŞ Fransa kimi ölkələrin İrəvanı silahlandırdığı bir zamanda rus diplomatlar İrəvana niyə gəlib? Kremlin indiki məqamda məqsədi nədir?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşü çox vacib idi və bunun nəticələrinin olacağı bəlli idi:
Zaur Məmmədov
“Artıq biz görürük ki, Vladimir Putin və Nikol Paşinyan danışığı baş tutub. Danışığın məğzi Bakı ilə Moskva arasında əldə edilən razılıqlar, həmçinin Azərbaycanın Ermənistana çatdırılması istənilən mesajlar idi.
Bu gün Cənubi Qafqazda ciddi bir siyasi aktivliyin şahidi oluruq. Bu aktivliyin əsas səbəbi isə şübhəsiz Zəngəzur ilə bağlıdır. Ümumiyyətlə, Zəngəzur hazırda Cənubi Qafqazın arteriyasıdır. Yəni böyük güclər region uğrunda mübarizə aparır.
ABŞ, Aİ, Fransa regionda hərbi varlığını artırır. İran da öz növbəsində aktivdir və Qafanda konsulluq açır. Bütün bu hadisələrin fonunda rus diplomatların Ermənistana gəlməsi başadüşüləndir.
Cənubi Qafqaz hər zaman super güclərin diqqət mərkəzində olub. Bu gün isə bu proses daha qabarıq şəkildə özünü göstərir. Rusiya isə regionu əldən buraxmaq, Ermənistanı itirmək istəmir. Buna görə də diplomatlarını Ermənistana göndərir”.
Turan Rzayev
Globalinfo.az