ABŞ düyməni basır, Almaniya Türkiyə ilə Yunanıstanı barışdırmağa çalışır – Danışıqlar başlayır

Yunanıstanın Baş nazirinin diplomatik ofisinin direktoru Anna-Mariya Buranın Brüsseldə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla gizli görüş keçirdiyi iddia edilir. İbrahim Kalın və Anna-Mariya Bura Brüsseldə ən ciddi məxfilik şəraitində görüşüblər. Görüş gərginlik və təhdidlərin sürətlə artmasına baxmayaraq, Almaniya kansleri Olaf Şoltsun diplomatik müşaviri Yens Plötnerin iştirakı ilə baş tutub. Diqqətçəkən digər bir məqam isə Almaniya kansleri Olaf Şoltsun Yunanıstanda rəsmi səfərdə olmasıdır.

Maraqlıdır, rəsmi Berlinin eyni anda Ankara və Afina ilə təmaslar qurmasının məqsədi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov deyib ki, Almaniya Türkiyə ilə Yunanıstan arasındakı gərginliyin azaldılmasında vasitəçilik etmək istəsə də, bunun Ankara üçün etibarlılıq dərəcəsi çox aşağıdır:

“Almaniya Kipr mövzusunda və adalarla bağlı məsələdə Yunanıstana qahmar çıxır, hərçənd ki, ikili oyun da nümayiş etdirir.

Almaniya Türkiyəyə əks-cəbhədə dayansa da, onun Ankaraya “Type 214” sualtı qayıqları satması Yunanıstanı hiddətləndirir.

Rəsmi Afina düşünür ki, Almaniyanın Türkiyə ilə hərbi-texniki əməkdaşlığı regionda güc balansını Ankaranın xeyrinə dəyişmək riskləri doğurur.

Almaniya xeyli müddətdir ki, hər iki tərəfi danışıqlar masası ətrafına dəvət edirdi. Ancaq Almaniyanın həm Türkiyə, həm də Yunanıstana sərmayəsi onun moderatorluq qabiliyyətinin zəifliyini göstərirdi.

İndi Berlin üçün etibar qazanmaq lazımdır, ona görə də Olaf Şoltz Türkiyə-Yunanıstan danışıqlarını təşkil edir.

Düşünürəm ki, Almaniyanın da düyməsi ABŞ-dan basılır, yəni Berlin nəhəng geosiyasi maraqları olmayan bir mövqedə olduğundan onun münaqişələrlə bağlı həll yanaşmaları da yoxdur.

Ümumilikdə NATO üçün Türkiyə-Yunanıstan danışıqları əhəmiyyətlidir, çünki bu iki ölkə bir-biri ilə hərbi münaqişəyə girişsə, NATO sisteminin dağılması üçün təhlükəli nümunə yaranar”.

Turan Rzayev
Globalinfo.az