Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İranın İsrailə hücumunun bu həftə ola biləcəyini iddia edib.
“Əhəmiyyətli hücumlara hazır olmalıyıq”, – o vurğulayıb.
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, İran və İsrail arasındakı vəziyyət kritik dərəcədə gərginləşib:
“İyulun 31-də HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi şok effekti yaratdı. Bu, İran hakimiyyətinə, xüsusi xidmət orqanlarına çox ağır zərbə oldu. İranın ali dini lideri Əli Xamenei İsrailə sərt cavab veriləcəyini qeyd etdi. Bunun üçün də müəyyən hazırlıqlara başlanılıb. İranın müharibəyə qoşulması an məsələsidir”.
E.Həsənov bildirib ki, İran Prezidenti Məsud Pezeşkian çox ağıllı siyasət aparır:
Elşad Həsənov
“ABŞ, Fransa, Almaniya və Rusiya İranı İsrailə hücum etməməyə çağırır. Hamı başa düşür ki, bu iki ölkə arasında müharibə başlayarsa, bütün Yaxın Şərqi əhatə edəcək.
ABŞ hərbi gəmiləri İranın mümkün hücumu ilə əlaqədar Hörmüz körfəzindədir. Birləşmiş Ərəb Əmirliyi də gözlənilən hücumla bağlı hava məkanını bağlayıb. Buna baxmayaraq, İran İsrailə hücum edəcək, lakin bu, ciddi hücum olmayacaq”.
Politoloq qeyd edib ki, son günlər İsrailin guya Azərbaycan və Gürcüstanda olan hərbçilərini çıxaracağı ilə bağlı absurd iddialar yayılıb:
“Bu, düşmən ölkənin əlinə böyük şans verir ki, ölkəmizə qarşı dezinformasiya yaysın. Lakin Azərbaycan ərazisində İsrailin heç bir hərbi obyekti, hərbçisi yoxdur və ölkəmiz üzərindən İrana qarşı hər hansı əməliyyatın keçirilməsinə rəsmi Bakı razılıq verməz. Bunu İran və digər ölkələr çox yaxşı bilir”.
Safura Bənnayeva
Globalinfo.az