ABŞ seçkilərində ilginc olay: Sincab ölümündə Harris amili

Bir sincabın öldürülməsi ABŞ-da prezident seçkiləri öncəsi əsas müzakirə mövzularından birinə çevrilib.

Globalinfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, prezidentliyə demokrat namizəd Kamala Harrisi dəstəkləyən Nyu-York ştatının yerli hakimiyyətinin sosial şəbəkələrdə “Araxis” ləqəbi ilə məşhur olan evcil sincabı evtanaziya üsulu ilə öldürməsi qalmaqala yol açıb.

Başqa sözlə, bloger Mark Lonqo evində “Araxis” ləqəbli sincab və “Fred” ləqəbli yenot saxlayıb. Nyu-York ştatının Ətraf mühit departamentinin əməkdaşları bir həftə əvvəl blogerin evinə gəlib və sincabla yenotu aparıblar. Bu addım həmin heyvanların evdə saxlanılması ilə bağlı çoxsaylı şikayətlərlə əlaqədar atılıb. Ştatın hakimiyyət orqanları heyvanların quduzluq daşıyıcısı olması ehtimalı ilə əlaqədar zəhərli iynə ilə öldürməyə qərar veriblər. Departamentin əməkdaşlarından biri həmin heyvanlardan birinin onun əlini dişlədiyini də bildirib.

Heyvanların ölümü barədə xəbər üzə çıxdıqdan sonra sosial şəbəkə istifadəçiləri kütləvi surətdə buna etirazlarını bildirməyə başlayıblar və məsələ siyasi xarakter almağa başlayıb. Müzakirələrə prezidentliyə respublikaçı namizəd Donald Trampı dəstəkləyən milyarder iş Adamı İlon Mask da qoşulub. İlon MASK X-da paylaşımında yazıb ki, Donald Tramp prezident seçiləndən sonra bütün sincablar xilas ola biləcək. İlon Mask sincabı edam etməklə ştat hakimiyyətinin səlahiyyətini aşdığını da iddia edib.

Nyu-York ştatının hakimiyyətinin qərarını respublikaçıların çoxlu sayda tərəfdarı da tənqid edib və bu, Nyu-Yorkda demokratların tərəfdarlarının çox olması ilə əlaqələndirilib.