Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya ilə Avropa arasında yeni təhlükəsizlik arxitekturasının yaradılması ilə bağlı mümkün danışıqları SSRİ dövründən qalma lətifə ilə şərh edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Studio Serio”ya müsahibəsində danışıb.
Sikorski bildirib ki, Moskva qonşu ölkələrə qarşı heç bir təhlükə yaratmadığını və Avropada yeni təhlükəsizlik sisteminin qurulmasını istədiyini desə də, Rusiyanın geosiyasi yanaşmasının dəyişdiyinə inanmır.
Sikorski bu mövqeyini sovet dövrünə aid bir zarafatla ifadə edib:
“Rusiya qonşularına qarşı heç bir pis niyyətinin olmadığını, yeni təhlükəsizlik arxitekturası istədiyini söyləyəndə onlara belə bir lətifəni xatırladıram: Sovet İttifaqının təhlükəsiz sərhədi hansıdır? Hər iki tərəfində sovet əsgərlərinin dayandığı sərhəd”.
Polşa XİN rəhbərinin sözlərinə görə, Moskvanın geosiyasi düşüncəsində həmin dövrdən bəri ciddi dəyişiklik baş verməyib.
Tahir Turan
Globalinfo.az