harri

Almaniyanın Münhen şəhərində “Harri Potter” yarmarkasına gələn ziyarətçilərin sayı gözləniləndən dəfələrlə çox olub. Nəticədə polis təhlükəsizlik məqsədilə əraziyə girişi bağlamaq məcburiyyətində qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, yeni “Harri Potter” ekranlaşdırmasının təqdimatına həsr olunan yarmarka İzar çayı üzərində yerləşən Praterinsel adasında təşkil edilib.

Şənbə günü axşam saatlarında dünyanın müxtəlif ölkələrindən gələn on minlərlə pərəstişkar tədbirə qatılmaq üçün ərazidə toplaşıb. Polis əməkdaşları genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirməli olublar.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, cəmi 500 nəfər üçün nəzərdə tutulan tədbirin girişində, Praterinsel adasına aparan körpünün yaxınlığında azı 10 min insan toplaşıb. Səsucaldanlar vasitəsilə ziyarətçilərdən əraziyə gəlməkdən imtina etmələri xahiş olunub.

Qeyd edək ki, yeni “Harri Potter” serialının ilk fraqmenti də sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər görüntü keyfiyyətini, aşağı kontrastı və vizual effektləri tənqid ediblər. Bəzi izləyicilər isə treylerin süni intellektlə hazırlanmış videoya, hətta fastfud və sığorta reklamına bənzədiyini bildiriblər.

Serialın premyerası 2026-cı ilin Milad bayramına planlaşdırılıb. Layihədə Harri Potter rolunu Dominik Maklaflin, Hermiona Qreyncer rolunu Arabella Stenton, Ron Uizli rolunu isə Alaster Stout canlandırır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: