Türkiyənin Rizə vilayətində pilotsuz uçuş aparatının (PUA) düşərək partlaması nəticəsində dörd yaşayış evinə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İnsident gecə saat 01:30 radələrində Çayeli rayonunun Körpübaşı kəndində qeydə alınıb.
Yerli sakinlər əvvəlcə havadan gələn və uçuş aparatının pərvanə səsini xatırladan səs eşidiblər. Bir müddət sonra PUA yaşayış olmayan əraziyə düşərək partlayıb. Partlayışın təsirindən yaxınlıqdakı dörd evin pəncərələrinin şüşələri sınıb, kənd sakinləri arasında təşviş yaranıb.
Hadisə barədə jandarmaya məlumat verilib. Əraziyə baxış zamanı pilotsuz aparatın qanad və gövdə hissələrinin qalıqları aşkarlanıb. Onlar araşdırılması üçün ekspertizaya göndərilib.
Bundan əlavə, mümkün partlayıcı qurğuların qalıqlarının olub-olmadığını müəyyənləşdirmək məqsədilə mütəxəssis-istehkamçılar partlayışın baş verdiyi təxminən 70 kvadratmetr ərazidə yoxlama aparıblar.
Safura Bənnayeva
Globalinfo.az