ABŞ-ın 35 ildən sonra hazırladığı tamamilə yeni nüvə aviasiya bombasının adı açıqlanıb.
Globalinfo.az xəbər verir ki, ABŞ hakimiyyəti 35 ildən sonra ilk dəfə yeni nüvə bombasının indeksini – B94 təqdim edib.
Bildirilib ki, bu silah dərinlikdə yerləşən yeraltı bunkerlərin məhv edilməsi üçün nəzərdə tutulub.
ABŞ Energetika Departamentinin 2027-ci il maliyyə ili üzrə büdcə layihəsinə təqdim etdiyi izahat qeydində ilk dəfə peyda olan B94 indeksinin məhz hava bazalı nüvə silahı çatdırılma sistemi ilə əlaqəli olduğu ehtimal olunur.
Ekspertlərin qiymətləndirməsinə görə, yeni sursatın hazırlanması potensial rəqiblərin mühüm hərbi və nüvə obyektlərini, o cümlədən komanda məntəqələrini, raket şaxtalarını və digər yeraltı infrastrukturları getdikcə daha çox yerin altına köçürməsi ilə əlaqədardır.
Xatırladaq ki, SSRİ-nin süqutundan və 1991-ci ildə B90 bombasının layihəsi bağlanandan bəri Vaşinqton sərbəst düşən nüvə aviasiya bombalarına yeni adlar verməmiş, yalnız soyuq müharibə dövrünün sursatlarının modernləşdirilməsi ilə kifayətlənmişdi. Yeni proqramın maliyyələşdirilməsi üçün əlavə olaraq 77,108 milyon dollar ayrılması planlaşdırılır.
Əliyar Xəlil,
Globalinfo.az