“Ukraynanın Leninqrad vilayətinə endirdiyi zərbələr Sankt-Peterburqla Kalininqrad arasında kommunikasiya əlaqələrinin kəsilməsinə yönəlib”.
Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert, Rusiya Dövlət Dumasının VI–VIII çağırışlarının sabiq deputatı Andrey Kolesnik deyib.
“Kalininqradın Sankt-Peterburqla əlaqəsi bu regionun böyük Rusiya ilə əlaqəsidir. Onlar bu məsələdən əl çəkməyiblər, vilayəti sıxışdırmağa, hansısa şəkildə blokadaya almağa çalışırlar. Buna görə də zərbələr endirirlər”, – deyə o bildirib.
Kolesnikin sözlərinə görə, hazırda Kiyev Leninqrad vilayətinə endirilən zərbələrin sayını artırmağa çalışır.
Hərbi ekspert əlavə edib ki, Ukrayna zərbələr vasitəsilə Rusiya cəmiyyətinin daxili vəziyyətinə təsir göstərməyə çalışır.
Qeyd edək ki, noyabrın 11-nə keçən gecə pilotsuz uçuş aparatlarının hücumu fonunda Ust-Luqa limanında yanğın baş verib. Hadisə nəticəsində üç işçi xəsarət alıb. Onların həyatına təhlükə olmadığı bildirilir. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, vilayət üzərində 150 PUA vurulub. Ust-Luqada elektrik yarımstansiyası da qəza səbəbindən fəaliyyətini dayandırıb.
Əliyar Xəlil
Globalinfo.az