Finlandiya Prezidenti Aleksandr Stubb Norveçin baş naziri Yonas Qar Stere ilə birlikdə Rusiya Prezidenti Vladimir Putinə zəng etmələrinin Avropada parçalanmaya səbəb olduğu barədə ittihamları rədd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, əksinə, bu, Avropanın vasitəçi qismində çıxış edə bildiyi ilk hal olub.
Stubb bildirib ki, telefon danışığından əvvəl Qərb müttəfiqləri bu barədə məlumatlandırılıb və bundan sonra çoxsaylı müsbət rəylər, yalnız bir mənfi reaksiya daxil olub.
“Lakin biz bu zəngə görə tənqid olunduğumuzu anlayırdıq, çünki bu, Avropa siyasətində dəyişiklik demək idi», — deyə Finlandiya prezidenti bildirib.
Siyasətçi digər Avropa liderlərinin də fəallıq göstərəcəyinə ümid etdiyini vurğulayıb.
Onun gözləntisinə görə, Avropanın Ukrayna ilə bağlı danışıqlara cəlb olunması təşəbbüsünü bundan sonra Almaniya, Fransa və İtaliya öz üzərinə götürəcək.
Qeyd edək ki, oktyabrın 27-də Stere və Stubb Vladimir Putinə telefonla zəng ediblər. Danışıq Moskva–Vaşinqton–Kiyev formatında Ukrayna üzrə danışıqların bərpası ərəfəsində baş tutub. Tərəflər münaqişənin sülh yolu ilə nizamlanması perspektivlərini müzakirə ediblər.
Əliyar Xəlil
Globalinfo.az