ABŞ-da təxminən 40 il ərzində köhnə şkafda saxlanılan rəsm əsərinin milyonlarla dollar dəyərində olduğu üzə çıxıb. Xəz paltoların arxasında taxta qutuda unudulan əsərin hazırda təxminən 3 milyon dollar (təxminən 5 milyon 700 min manat) dəyərində olduğu bildirilir.
Globalinfo.az-ın məlumatına görə, maraqlı hadisə Nyu-Yorkun Manhetten bölgəsində baş verib. Betsy adlı qadın yaşlı xalasına evindəki əşyaları yığışdırmağa kömək edərkən şkafın içərisində köhnə rəsm əsəri aşkarlayıb.
Araşdırma zamanı əsərin məşhur amerikalı rəssam Corciya O’Kiffə məxsus olduğu müəyyənləşib. “Nyu-Meksiko I yaxınlığında, Abiquiu” adlanan 1930-cu il mənzərə əsəri 1963-cü ildə cəmi 3800 dollara alınıb. Lakin sonrakı onilliklər ərzində gözdən uzaq saxlanılaraq unudulub.
Rəsm əsəri noyabrın 17-də Nyu-Yorkda keçiriləcək “Christie’s” hərracında satışa çıxarılacaq. Hərracdan əvvəl, noyabrın 7-dən 17-dək əsər ictimaiyyətə nümayiş etdiriləcək.
Məlumata görə, rəsm əsərinin sahibi olan yaşlı qadın onun yenidən aşkar edilməsindən qısa müddət sonra, 98 yaşında vəfat edib. Təxminən 40 il şkafda gizli qalan sənət əsərinin hərracda hansı qiymətə satılacağı böyük maraq doğurur.
Tahir Turan
Globalinfo.az