esas 1

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının yaddaşında qürur və fəxarət mənbəyi olaraq qalır.

Globalinfo.az Zəfər Günü münasibətilə müharibə iştirakçısı olan Valeh Məmmədovla həmsöhbət olub.

O, döyüş xatirələrini, Qələbə xəbərini eşitdiyi an yaşadığı hissləri və bu tarixi günün onun üçün ifadə etdiyi mənanı bizimlə bölüşüb.

Laçın rayonunun Pircahan kəndindən olan 35 yaşlı müharibə veteranı deyib ki, uşaqlıqdan cəbhədən, Qarabağdan gələn xəbərlərə, xüsusilə şəhid xəbərlərinə çox həssas yanaşıb:

2 3

“Hətta şəhid xəbərləri eşidəndə ağlayırdım. Əsgərə, Vətənə, bayrağa olan sevgi məndə lap balacalıqdan formalaşıb. Aprel döyüşlərindən əvvəl hərbi təlimlərə çağırılmış və orada iştirak etmişdim. Lakin döyüşlər qısa müddət davam etdiyindən bizi yenidən ehtiyata buraxdılar. 2020-ci ildə Vətən müharibəsi başlayanda, xüsusilə general Polad Həşimov şəhid olduqdan sonra xalq olaraq hamımız müharibənin başlamasını, torpaqlarımızın azad edilməsi üçün irəliləməyi istəyirdik. Mən də qeydiyyatda olduğum rayonun hərbi komissarlığına gedərək könüllü şəkildə adımı yazdırdım və müharibəyə getmək istədiyimi bildirdim. Oktyabrın 29-da Bakıda hərbi hissələrdən birində yerləşdirildik. İki gün yarım orada qaldıqdan sonra Qarabağ istiqamətində hərəkətə başladıq. İlk olaraq Füzuli rayonuna gəldik. Orada yarım gün hərbi hissələrin birində qaldıqdan sonra döyüş meydanına yollandıq. Yol boyu qarşımıza çıxan təcili yardım maşınlarını, yaralı və şəhidlərimizin daşındığını gördük. Bu mənzərələr bizi daha da ruhlandırırdı. Füzuli istiqamətində komandirlərimizin iştirakı ilə mövqelərimiz və hərəkət istiqamətimiz müəyyənləşdirildi. Bir anlıq hiss etdik ki, artıq müharibənin içindəyik. Müharibəni əvvəllər filmlərdə, görüntülərdə görmüşdük, indi isə onun tam mərkəzində idik”.

10

Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən müsahibimiz bildirib ki, həmin vaxt çox çətin günlər yaşanıb:

“İlk istiqamətimiz Füzuli və Xocavənd arasında yerləşən Ərgünəş dağı oldu. Həmin dağı böyük çətinliklə qalxdıq. Düşmən üç istiqamətdən minaatan və ağır texnika ilə bizə zərbələr endirirdi. Ərazidə müdafiə olunmaq üçün sığınacaq yox idi. Açıq dağlıq ərazidə irəliləyirdik. Komandirlərimizin və döyüş yoldaşlarımızın köməyi ilə bütün çətinliklərə baxmayaraq, dağı qalxıb yolumuza davam etdik. Lakin düşmənin atəşi dayanmaq bilmirdi. Bu, yaşadığımız ən çətin anlardan biri idi.

8

Bir müddət sonra mövqelərdən birində dayandıq və həmin gecə ilk şəhidimizi verdik. Bölük komandirimiz Teymur Abbasov şəhid oldu. Bu, bizim üçün növbəti ağır zərbə idi. Artıq həm döyüş zamanı qarşılaşdığımız çətinliklər, həm də komandirimizin itkisi düşmənə qarşı qəzəbimizi daha da artırdı. Təbii ki, müharibə itkisiz olmur. Taborumuz 18 şəhid verdi, çoxsaylı yaralılarımız oldu. Buna baxmayaraq, irəli gedirdik. Çünki hamımızın düşüncəsində bir məqsəd var idi: qələbə qazanmaq, həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində şəhid olanlarımızın qisasını almaq. Bizi irəli aparan əsas düşüncə bu idi”.

11 2

V.Məmmədov döyüş zamanı susuz qaldıqları dövrü belə xatırlayır:

“Təxminən üç gün idi ki, suyumuz yox idi. Tağım komandirim İlqar Həsənli ilə su tapmaq üçün bir əraziyə yaxınlaşdıq. Orada su butulkaları gördük. Sonradan məlum oldu ki, düşmən həmin suları qəsdən orada qoyub ki, əsgərlər götürmək üçün yaxınlaşsınlar və onları atəşə tutsunlar. Döyüş yoldaşımla bütün çətinliklərə baxmayaraq, cəmi iki butulka su götürə bildik. Həmin suyu da əsgər yoldaşlarımız arasında bölüşdürdük. Xocavənd istiqamətində irəliləyərkən başqa bir ərazidə də oxşar hadisə ilə qarşılaşdıq. Ətrafı açıq olan bir sahədə yalnız bir ağac var idi. Biz həmin ağacın sol tərəfindən yuxarı qalxmalı idik. Düşmən orada da hiyləgərliyə əl ataraq su butulkaları, konservlər və müxtəlif ərzaqlar qoymuşdu. Məqsəd əsgərləri həmin ərazidə ləngitmək, sonra isə minaatanlarla atəşə tutmaq idi. Təəssüf ki, həmin ərazidə də çoxlu şəhid verdik. O günü unutmaq mümkünsüzdür. Müharibə ilə bağlı həm ağır, həm də qürurverici çoxlu xatirələrim var.

foto1

 

Atəşkəs elan olunan vaxt da irəliləmək istəyirdik. Hətta öz aramızda niyə dayandığımızı, döyüşü davam etdirməyin mümkün olub-olmadığını müzakirə edirdik. Çünki düşmənə qarşı qəzəbimiz hələ soyumamışdı. Qələbə xəbərini eşidəndə isə böyük sevinc yaşadıq. İşğaldan azad edilmiş torpaqlarda bayrağımızı görmək bizim üçün əsl qürur hissi idi. Bu qələbə şəhidlərimizin, qazilərimizin, veteranlarımızın və bütün döyüşçülərimizin fədakarlığı hesabına əldə olunub. Gələcək nəsillərə müharibə arzulamıram. İstəyim budur ki, hamı sülh və əmin-amanlıq şəraitində yaşasın. Ancaq gənc nəslə bir tövsiyəm var ki, şəhidlərimizi heç vaxt unutmasınlar, onların ruhunu daim uca tutsunlar. Şəhidlik elə-belə bir məqam deyil. Bir deyim var, müharibədən heç kim sağ qayıtmır. Kimi şəhid olur, kimi qazi. İnsan fiziki baxımdan yaralanmasa belə, müharibənin psixoloji təsirlərindən xilas ola bilmir. Çünki orada şəhid olan döyüş yoldaşlarını görürsən, dostlarının yaralanmasına şahid olursan. Bu gün birlikdə oturub yemək yediyin insanın sabah şəhid olduğunu öyrənirsən. Bəzən 10-12 nəfər birlikdə yemək yeyirik, bir müddət sonra isə görürük ki, cəmi 6-7 nəfər qalmışıq. Digərləri ya şəhid olub, ya da yaralanıb.

3 1

O qeyd edib ki, indi azad edilmiş torpaqlara gedəndə böyük qürur və rahatlıq hissi keçirir:

“Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və veteranlarımıza cansağlığı arzulayıram. Həmin torpaqlarda bayrağımıza baxanda insanın qəlbi qürurla dolur. Çünki bilirsən ki, bu torpaqlar asanlıqla deyil, qan və can bahasına azad edilib.

q

Qələbənin əldə edilməsində komandirlərimizin, eləcə də Ali Baş Komandanın düzgün strategiyasının böyük rolu oldu. Tabor komandirimiz Elmar Əhmədovun da üzərimizdə çox böyük əməyi var. Zəfər xəbərini aldığımız zaman Xocavənd rayonunun kəndlərindən birində idik. Həmin xəbərə çox sevindik. Çünki düşməndən qisasımız alınmış, 1992-ci ildə Xocalıda törədilən faciə cəzasız qalmamışdı. Bir daha deyirəm, çox şükür ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib”.

13 12 1

Ləman İmran
Globalinfo.az

Paylaş: