“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası gələn həftə Ermənistanın təşkilatda səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edə bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS-a bildirib.
“Ermənistan artıq iki ildən çoxdur ki, üzvlük haqlarını ödəmir. Buna görə də onun üzvlüyünün müvəqqəti dayandırılması, daha dəqiq desək, üzvlük haqları ödənilənədək səsvermə hüququndan məhrum edilməsi məsələsi müzakirə oluna bilər. Bu, nizamnamənin müvafiq maddəsində nəzərdə tutulmuş sırf texniki məsələdir. Belə bir nəticə mümkündür, lakin hər şey sədrin qərarından asılıdır”, – deyə o bildirib.
Pankin xatırladıb ki, hazırda KTMT-yə Rusiya sədrlik edir və təşkilatın gündəliyindəki bütün məsələlərə görə məsuliyyət daşıyır.
“KTMT sammiti keçiriləcək. Bundan əvvəl xarici işlər və müdafiə nazirlərinin, eləcə də təhlükəsizlik şuraları katiblərinin görüşü baş tutacaq. Ermənistan məsələsi, bəlkə də, ən əsas məsələ deyil, lakin ictimaiyyət üçün ən maraqlısı ola bilər. Çünki KTMT əməkdaşlıq, ümumi vəzifələr və məqsədlər təşkilatıdır”, – deyə Pankin qeyd edib.
Xatırladaq ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası noyabrın 11-də Moskvada keçiriləcək.
Qeyd edək ki, Ermənistanın səsvermə hüququnun dayandırılması barədə qərar sadə səs çoxluğu ilə deyil, konsensus əsasında qəbul edilməlidir. Yəni Ermənistanın öz səsi nəzərə alınmadan digər 5 ölkənin razılığı tələb olunur. Beləliklə, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın razılığı əsas olacaq.
Əliyar Xəlil
Globalinfo.az