Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata çatdırılması təklif olunur. Bununla belə, müavinətin yeni məbləğinin ailələrin xərclərini nə dərəcədə qarşılayacağı və doğumla bağlı qərarlara necə təsir edəcəyi sual doğurur.
Bəs 1500 manatlıq müavinət uşağın doğulması ilə bağlı xərcləri qarşılamaq üçün kifayət edəcəkmi?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, körpənin dünyaya gəlməsi ilə əlaqədar xərclər yalnız doğuşla bitmir:
“Buraya tibbi xidmətlər, geyim, qidalanma vasitələri, gigiyena məhsulları, uşaq mebeli və digər zəruri ləvazimatlar da daxildir. Uşağın ilkin ehtiyacları üçün ən az hesablasaq 3 min manat tələb olunur. Doğuş özəl tibb müəssisəsində həyata keçirilərsə, qeysəriyyə əməliyyatı icra olunarsa, tibbi sığorta və s. əlavə edilərsə xərclərin həcmi bir qədər də dəyişəcək. Göründüyü kimi, 1500 manat ailənin real xərclərinin yalnız bir hissəsini qarşılaya bilər. Bundan əlavə, körpənin qidalanması, bezlər, geyim, tibbi müayinələr və gigiyena vasitələri növbəti aylarda da ailənin büdcəsinə təsir edir”.
Vüsalə Əhmədova
İqtisadçı qeyd edib ki, əsas məsələ birdəfəlik ödənişin artırılması ilə yanaşı, uşağın böyüdülməsi üçün maliyyə dəstəyinin göstərilməsi olmalıdır:
“Çünki ailələr üçün əsl maliyyə yükü yalnız uşağın doğulduğu gün deyil, onun sonrakı illərdə sağlam, təhlükəsiz və normal şəraitdə böyüdülməsi prosesində yaranır. Bu səbəbdən, birdəfəlik müavinətin 900 manat artırılmasının ailələrin doğum qərarına müəyyən müsbət təsir göstərə biləcəyi düşünülə bilər. Ancaq təkbaşına ciddi demoqrafik dəyişiklik yaradacağını gözləmək olmaz. Ailələrin daha çox ehtiyac duyduğu dəstək uşağa qulluğa görə aylıq müavinətlərin verilməsidir”.
Zaira Akifqızı
Globalinfo.az