“Yunanıstan mətbuatında Türkiyəyə qarşı qabaqlayıcı hücum ssenarisinin olduğu barədə məlumat yayılıb. Onlar Türkiyə üçün təhlükə yaratdıqlarını açıq şəkildə bildirirlər. Türkiyənin Qərbi Anadoluya hərbi qüvvələrini köçürməsi barədə kəşfiyyat məlumatı aldıqlarını deyirlər, lakin Türkiyə belə bir addım atmayıb. Bununla belə, Yunanıstan hərbi statusu olmayan 23 adaya silah və əsgərini yerləşdirib və razılaşmaya əməl etmir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında deyib.
Cihat Yaycı
O bildirib ki, Yunanıstan, hücum edəcəyi təqdirdə, Türkiyənin hücumunun qarşısını almaq üçün əvvəlcədən burada hava hücumundan müdafiə sistemlərini quraşdırıb:
“Deyirlər ki, “başlarını qaldıra bilməyəcəklər”. Çanaqqala körpüsünə, İstanbuldakı Bosfor körpülərinə zərbə endirəcəkləri və s. ilə bizi hədələyirlər. Bu, sadəcə qəzetin şərhi deyil, bu, əslində onların planıdır”.
Ekspert bu cür hallarda ilk zərbənin çox vacib olduğunu deyib:
“Müharibə qaçılmazdırsa, zərbəni ilk olaraq endirməlisiniz. Yunanıstanı kiçiltmək üçün demirəm, amma real politik baxımından, imkanlarını düzgün qiymətləndirməlidir. Deyir ki, 24 saat ərzində böyük güclər müdaxilə edəcəklər. Siz zərbə endirdikdən sonra Türkiyə Silahlı Qüvvələrini kim dayandıra bilər? Suriyada, İranda və ya Ukraynada heç kim vasitəçilik etməyib. Türkiyə ilə bacara bilməzsiniz. Türkiyə Midilli, Sakız, Sisam, İstanköy, Rodos, Sönbeki adalarını dərhal ələ keçirərdi. Deyirlər ki, İsrail kömək edəcək. Heç kim kömək edə bilməz. Hətta kömək etsəydilər belə, onların nə gücü var? Hazırda Türkiyə Cümhuriyyətinə qarşı dura biləcək heç bir dövlət yoxdur. Son 40 ildə Türkiyə ətrafında təxminən 30 müharibə olub. Onların heç biri Türkiyəyə yayılmayıb. Çünki dövlət güclüdür, ordu güclüdür. Yunanıstan gəmi və təyyarələri xaricdən alır. Əgər hücum edərsə belə, Yunanıstanın daxilində Türkiyənin kəşfiyyat məlumatı toplaya biləcəyi çox sayda insan var. Türkiyə əvvəlcədən məlumatlı olacaq”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul