Ankara Baki 1yeni 1

24 aprel 2014-cü il. Praqa.

“Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammit.

Ermənistanın o vaxtkı prezidenti Serj Sərkisyan Türkiyəyə qarşı ittihamlarla çıxış edir.

Prezident İlham Əliyev söz alır və sonralar Türkiyədə də gündəm olan o ifadəni səsləndirir: “Türkiyə burda yoxdursa, mən varam!”

3 oktyabr 2026-cı il. İstanbul.

Xarici qüvvələrdən göstəriş almış bir qrup şəxs Azərbaycan əleyhinə aksiya keçirir.

Sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycan dövlətinə qarşı sistemli qaralama kampaniyası başladılır.

Azərbaycan İsraillə dövlət və xalq maraqlarına əsaslanan münasibətləri səbəbindən hədəf taxtasına çıxarılır.

Meydan isə boşdur: 4-5 ziyalı istisna olmaqla, heç kim Azərbaycanın müdafiəsinə qalxmır.

Bakı-Ankara münasibətlərinin pozulması üçün göstəriş alan qruplar “Turan taktikası” ilə Azərbaycana hücumlar edirlər.

Amma başqa vaxt Azərbaycan eşqi ilə “alışıb-yanan” bəzi türkiyəli nüfuzlu simalar ortalıqda yoxdur.

Ümidlə baxırıq… Amma kəcavə boşdur. Onların xilası mümkün deyil.

Bu vaxta qədər Azərbaycanla dostluqdan yalnız öz maraqları üçün istifadə edənlər, “qardaşıq, filan məsələdə kömək edin” deyib arzularını həyata keçirənlər bu gün gizləniblər.

Özünüz də görürsünüz ki, qardaşınıza qarşı haqsız qaralama kampaniyası aparılır, ən önəmlisi Türkiyə-Azərbaycan dostluğunun dayaqları sistemli şəkildə sarsıdılır.

Bəs niyə susursunuz? Bu cür tarixi və çətin bir mərhələdə danışmırsınızsa, deməli, sizin Azərbaycan “eşqiniz”, “qardaşlığınız” prinsipial dəyərlərdən daha çox, şəxsi maraqlar üzərində qurulub.

Amma: Heç kim unudulmur! Heç nə yaddan çıxmır!

İkitərəfli münasibətlərin normal məcrada getdiyi dövrlərdə qardaşlıq və dostluq dəyərlərindən bəhs etmək asandır. Lakin bu münasibətlərin səmimiliyi məhz çətin və həssas məqamlarda üzə çıxır.

Bəs nə yaxşı, özünüz, ailəniz, yaxınlarınız üçün nəsə xahiş edəndə dil-dil ötürdünüz?

Qardaşlıq çayı keçənə qədərdir? Bəs bilmirsinizmi ki, su gələn arxa bir də gələr. Onda necə olacaq?

“Bəs onda bizim üzümüzə necə baxacaqsınız?”

Ədalət naminə qeyd etmək lazımdır ki, Türkiyədə Azərbaycana qarşı aparılan qaralama kampaniyası fonunda ölkəmizin mövqeyini qətiyyətlə müdafiə edən şəxslər də var.

Tarix göstərir ki, Vətənin müdafiəsində çətin anlarda cəsarət və fədakarlıq nümayiş etdirənlər önə çıxırlar”Amma Türkiyədəki bəzi “Azərbaycan sevdalı” kişilər qaçıb gizləndikləri üçün Vətənimizin müdafiəsinə qadınlar qalxıb.

Bu mövqeyi ilə seçilən şəxslərdən biri də professor Aygün Attardır.

O, günlərdir “səngər”dədir: həm sosial şəbəkələrdə, həm də video platformalarında Azərbaycana yönələn əsassız ittiham və qaralama cəhdlərinə qarşı mövqe nümayiş etdirir, aparılan kampaniyanın yanlış və əsassız mahiyyətini faktlar, arqumentlər əsasında ortaya qoymağa çalışır.

Bəs döyüşün bu yerində Türkiyədəki bəzi “Azərbaycan aşiqi” kişilər haradadırlar?

Harada olduqlarını hamımız yaxşı bilirik.

Onlara Aygün Attar mətanəti, qardaşlıq sədaqəti, dostluq cəsarəti arzulayıram.

Yekun olaraq deyim ki, Türkiyədə Azərbaycana qarşı xarici qüvvələrin əli ilə başladılmış bu kampaniya həm də bir imtahan idi: daim Azərbaycan qardaşlığından, dostluğundan bəhs edən bəzi türkiyəli şəxslər bu imtahanı keçə bilmədi, sinifdə qaldı.

İndi onların qiyməti başını utancından aşağı əymiş məğlub 2 rəqəmidir.

“İki dövlət, tək millət” manifestinə uyğun davrana bilməyənlər bu “qardaşlıq dərsi”ndən “2” aldılar.

WhatsApp Image 2025 11 15 at 02.29.58

Aqşin Evrən
Globalinfo.az saytının Baş redaktoru

Paylaş: