Azərbaycan dünyəvi dövlətdir. Yəni din dövlətdən ayrıdır. Azərbaycan dövlətinin rəsmi dini yoxdur. Bu o deməkdir ki, dövlət bütün dinlərə eyni münasibət bəsləyir, hər birinə eyni dərəcədə ehtiram göstərir. Azərbaycan din və məzhəb fərqi qoymadan bütün vətəndaşlarının inancına hörmətlə yanaşır.
Lakin hörmət ayrı, qayda-qanun tamam başqa şeydir. Dövlətin qanunu hər şeydən və hər kəsdən üstündür. Təəssüf ki, hazırda ölkədə qızğın müzakirələr gedir. Müzakirələrin əsas predmetini isə Azərbaycan Nazirlər Kabinetinin məktəblilərin geyim forması ilə bağlı qəbul etdiyi son qərar təşkil edir.
Ümumiyyətlə, başa düşmək lazımdır ki, vahid məktəbli formasının öz fəlsəfəsi var. Dövlət təhsil müəssisələrində şagirdlər arasında sosial təbəqə, ailənin maddi vəziyyəti və ya dini inanc fərqi qoyulmur. Yəni dövlət məktəbdə hamını bərabər görür. Yeni nəslin də məhz bu düşüncə və psixologiya ilə yetişməsi istənilir. Əslində, bu, sosial dövlət modelinin təhsildə təzahür edən formalarından biridir.
İnanc azaddır. Hətta Azərbaycan Konstitusiyasında da bu açıq şəkildə göstərilib. Lakin hər hansı bir inancı şüurlu şəkildə mənimsəmək, onu həqiqi mənada yaşamaq üçün zaman, təcrübə və müəyyən bioloji inkişaf lazımdır.
Var din, var dini radikalizim. Radikalizmin dinlə, inancla yaxından-uzaqdan əlaqəsi yoxdur. Məktəb yaşında uşaqları cinayətkar aləmin təsirindən, eləcə də digər neqativ tendensiyalardan necə qorumalıyıqsa, onları dini radikalizmin təsirindən də eyni qaydada qorumalıyıq. Söhbət uşaqların dini inanclarına hörmətsizlikdən deyil, onların həssas yaş dövründə radikal təsirlərə qarşı qorunmasından gedir.
Problem nə hicabdır, nə də din. Əsas problem bizi əhatə edən coğrafiyada artan ekstremizm və dini radikalizmdir. Dediyim kimi, dövlətin məqsədi vahid məktəbli formasını tətbiq etməkdir. Lakin məsələyə daha dərindən baxanda cəmi bir neçə ay əvvəl baş verənləri də xatırlamaq lazımdır. Həmin vaxt çadralı və hicablı uşaqlardan istifadə edərək başqa bir ölkənin dini liderinin təbliğinə, onun şüarlarının yayılmasına və İslamın siyasi məqsədlər üçün alətə çevrilməsinə şahid olduq.
Allahın bütün dinlərə göndərdiyi peyğəmbərlərin və müqəddəs kitabların əsas çağırışlarından biri birlik və bərabərlikdir. İnsanlar isə təəssüf ki, dini tez-tez siyasi məqsədlər üçün alətə çevirirlər. Ən pisi isə odur ki, bu prosesə uşaqları da cəlb edir, onların hələ formalaşmamış düşüncələrinə təsir göstərməyə çalışırlar.
Uşaqlarımız evimizdə, ailəmizdə və cəmiyyətimizdə yenə də müsəlman, xristian, yəhudi və digər inanclara mənsub insanlar olacaqlar. Bu, təbii və normaldır. Lakin məktəbdə onların hər biri ilk növbədə şagirddir. Məktəb daxilində hamının eyni hüquq və qaydalar çərçivəsində olduğunu göstərən rəmz isə vahid məktəbli formasıdır.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı