ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkof və Cared Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşdən əvvəl sülh planının layihəsini Donald Trampa təqdim edib və ondan müvafiq təlimatlar alıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid məlumat yayıb.
Məlumata görə, görüş oktyabrın 8-də keçirilib. Uitkof və Kuşner danışıqların yeni mərhələsi başlamazdan əvvəl ABŞ-ın təklifini prezidentə təqdim ediblər. Məsləhətləşmələrdə maliyyə naziri Skott Bessent və milli təhlükəsizlik müşavirinin müavini Maykl Nidhem də iştirak ediblər.
Bundan əvvəl “NBC News” Vaşinqton administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən Ukrayna və ABŞ rəsmilərinin yeni, hərtərəfli sülh planını müzakirə edəcəklərini xəbər verib. Təklifin əsas məqsədi Rusiya ilə müharibənin başa çatdırılması istiqamətində yaranan dalanı aradan qaldırmaqdır.
Məlumata görə, müzakirələr zamanı münaqişənin bütün aspektlərini əhatə edən və müharibəyə son qoyulmasını hədəfləyən yeni, vahid təklifin nəzərdən keçirilməsi planlaşdırılır.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl iki ölkənin nümayəndə heyətləri arasında danışıqların oktyabrın 9-10-da ABŞ-ın Mayami şəhərində keçiriləcəyini açıqlayıb.
Ukrayna nümayəndə heyətinə Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, Prezident Ofisinin rəhbəri Kirill Budanov və onun birinci müavini Sergey Kislitsa daxildir.
Əliyar Xəlil