Oktyabrın 1-də saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Globalinfo.az bildirir ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
“Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir”, məlumatda deyilir.
***13:55
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Globalinfo.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird – S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib.
Onları müəllimlərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər. Hazırda şagirdlərə tibbi yardım göstərilir.
İlkin məlumata əsasən, şagirdlər oxuduqları məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərləniblər.
Hadisə ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, oktyabrın 1-də Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib:
“Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır”.