Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibəyə Şimali Koreyadan 10 min hərbçi cəlb etməyi planlaşdırdığını bildirib. Ukrayna kəşfiyyatının məlumatına görə, artıq 8 mindən çox Şimali Koreya əsgəri Rusiya ərazisindədir.
Zelenski qeyd edib ki, Rusiya faktiki olaraq əlavə səfərbərliyə başlayıb və müxtəlif vasitələrlə müharibəyə cəlb etdiyi insanların sayını artırır.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya hələlik Ukrayna ilə müharibədə öz əsas hədəflərinə çata bilmir:
“İlkin mərhələdə məqsəd Donbasda inzibati sərhədlərə tam çıxmaq idi. Məhz buna görə də danışıqlar prosesi dalana dirənib.
Hazırda Rusiya əlavə hərbçilər cəlb edir. Qeyd edim ki, Rusiya ordusuna daha əvvəl də Şimali Koreyadan hərbçilər cəlb olunmuşdu. İndi onların sayının artırılaraq 30 minə yaxın hərbçinin gətirilməsinin planlaşdırıldığı bildirilir. Bu qüvvələrin də Donbas istiqamətində yerləşdirilməsi gözlənilir.
Əgər Rusiya bu addımı atarsa, düşünürəm ki, Qərb də eyni vəziyyətə cavab olaraq Ukraynaya qoşun göndərə bilər. Nəticədə isə eskalasiya daha da genişlənər. Rusiya səfərbərliyə gedir, ordunun sayını artırır, amma göründüyü kimi heç bir cəbhə istiqamətində ciddi irəliləyişə nail ola bilmir.

Məhəmməd Əsədullazadə
Rusiya Şimali Koreyadan əlavə hərbçilər cəlb etsə belə, bunun müharibənin gedişində müsbət nəticə verəcəyi gözlənilmir. Əksinə, Rusiya tərəfi daha çox itki verə bilər. Çünki yeni texnologiyalar və silah sistemləri ilə Ukraynanın hərbi imkanları güclənir və bu şəraitdə Rusiya cəbhədə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməkdə çətinlik çəkə bilər.
Eyni zamanda, Polşa, Almaniya və Böyük Britaniya kimi ölkələrin də Ukraynaya yeni qoşunlar göndərməsi ehtimalı müzakirə oluna bilər. Bu isə birbaşa Rusiyanın atacağı addımlara cavab olaraq münaqişənin daha geniş regional eskalasiyaya çevrilməsi riskini artırar”.
Turan Rzayev
Globalinfo.az