Serbiya Prezidenti Aleksandr Vuçiç vəzifəsindən istefa verib. Vuçiç Balkan ölkələrində və bütövlükdə Avropada Azərbaycana dost sayılan dövlət başçılarından idi.
Bundan əvvəl isə Viktor Orban Macarıstan baş naziri postunda qala bilmədi – o, seçkilərdə uduzaraq hakimiyyətdən getdi. Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında Orban amili də danılmaz idi.
Bu siyasi itkilər rəsmi Bakının adı çəkilən ölkələrlə münasibətində böhran yaradacaqmı?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Aleksandr Vuçiçin istefası və Viktor Orbanın parlament seçkilərində məğlub olaraq baş nazir postunu tərk etməsi kimi hallar ilk baxışdan Azərbaycanın bu iki ölkə ilə münasibətlərində müəyyən siyasi qeyri-müəyyənlik yarana biləcəyi təəssüratı formalaşdırır:
“Çünki hər iki liderin Azərbaycanla münasibətlərin inkişafında şəxsi siyasi iradəsi və yüksək səviyyəli dialoqa verdiyi önəm danılmazdır. Lakin bu dəyişikliklərin Azərbaycana diplomatik böhran yaradacağını demək üçün hər hansı ciddi əsas yoxdur. Əksinə, mövcud münasibətlərin institusional və iqtisadi dayaqları bu əlaqələrin ayrı-ayrı liderlərin siyasi karyerasından daha geniş olduğunu göstərir.
Serbiya nümunəsində bunu xüsusilə aydın görmək mümkündür. Vuçiç prezident vəzifəsindən istefa versə də, onun siyasi fəaliyyətini tam dayandırmasından söhbət getmir. O, oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyi və hakimiyyətdə qalmağı düşünr. Buna görə indiki mərhələdə “Vuçiç getdi və Azərbaycan Serbiyada əsas tərəfdaşını itirdi” yanaşması hadisənin mahiyyətini tam əks etdirmir.
Daha vacibi isə Azərbaycan–Serbiya münasibətlərinin artıq şəxsi dostluq səviyyəsini aşaraq institusional çərçivəyə keçməsidir. 2026-cı ilin fevralında iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Azərbaycan və Serbiya arasında siyasi, iqtisadi, enerji, müdafiə-sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üzrə mexanizmlər mövcuddur. Hətta Vuçiçin istefasından cəmi bir neçə gün əvvəl Serbiyanın xarici siyasət qurumunda Azərbaycan səfiri ilə keçirilən görüşdə ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə hazırlıq ifadə edilib”.

Yusif Bağırzadə
Politoloq bildirib ki, Macarıstanla münasibətlər baxımından da oxşar vəziyyət müşahidə olunur:
“Bilirik ki, Viktor Orbanın 2026-cı ilin aprel seçkilərində məğlub olaraq baş nazir postunu tərk etməsindən sonra Peter Magyar hökuməti formalaşıb. Lakin münasibətlərdə hər hansı dəyişiklik müşahidə edilməyib. Çünki, Azərbaycan–Macarıstan münasibətləri artıq 2014-cü ildən strateji tərəfdaşlıq, 2023-cü ildən isə genişləndirilmiş strateji tərəfdaşlıq statusuna malikdir. Bu münasibətlər enerji, investisiya, ticarət, nəqliyyat və digər sahələrdə konkret layihələrə söykənir.
Xüsusilə enerji amili münasibətlərin davamlılığını artıran mühüm faktordur. Azərbaycan qazının Macarıstana tədarükü, Macarıstanın “Şahdəniz” yatağında pay əldə etməsi və Xəzərdən Avropaya yaşıl enerjinin nəqli ilə bağlı layihələr iki ölkənin maraqlarının təkcə siyasi liderlərin münasibətlərindən ibarət olmadığını göstərir.
Düzdür, Vuçiç və Orban faktorunun zəifləməsi müəyyən siyasi adaptasiya zərurəti yarada bilər. Çünki yeni hökumət formalaşırsa, siyasi aktorlarla münasibətlərin yenidən qurulması üçün bir müddət tələb olunur. Lakin bu sahədə hər hansı problemin ortaya çıxacağını düşünmürəm. Çünki strateji sənədlər, dövlət qurumları arasında dialoq, biznes maraqları, enerji və nəqliyyat layihələri münasibətlərin daha uzunmüddətli əsaslarını formalaşdırır. Buna görə siyasi liderlərin dəyişməsi müəyyən keçid dövrü yaratsa da, mövcud institusional və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsi üçün ciddi zəmin qalır”.
Turan Rzayev
Globalinfo.az