Irans terrorism min

Bir deputatın, ictimai-siyasi xadimin həyatına sui-qəsd edilməsi terror aktıdır və Azərbaycan hüquq-mühafizə orqanları doğru olaraq elə ilk dəqiqələrdən bu hadisəni terakt kimi qiymətləndirdilər.

Azərbaycan parlamentinin ən fəal üzvlərindən biri, İranın ciddi tənqidçisi, partiya sədri Fazil Mustafanın gecə saatlarında evinin önündə güllələnməsi terror aktının ən aydın nümunəsidir. Bu gün bütün dünya bu terror hadisəsi barədə danışır.

Baş verən hadisə barədə fikir söyləyən mütəxəssislərin demək olar ki, hamısı sui-qəsdin təşkilatçılarının və icraçılarının İrana bağlı qüvvələr olduğuna əmindirlər.

Niyə bütün şübhələr İranın üzərinə gedir?

  • Qonşuluğumuzda olan dövlətlərdən ikisi buna cəhd edə bilər, bunlardan birincisi İran, ikincisi isə Ermənistandır. Ermənistan bu hadisəni təşkil etmək üçün motivləri İrandan daha zəifdir. Ermənistan hazırda Azərbaycanda bu səviyyəli qətlləri törətmək imkanlarına malik deyil.
  • İran bu tipli terror hərəkətləri törətməklə uzun müddətdir ki, məşğuldur, hətta islam inqilabından dərhal sonra bu fəaliyyətə başlayıb. İran tarixində bəlkə yüzlərlə həm ölkə daxilində, həm də xaricdə törədilən eyni tipli terror hadisələri var.
  • İran Azərbaycanın İsraildə səfirliyinin açılacağı günü ümummilli matəmə çevirmək istərdi və buna çalışırdı. Amma alınmadı. Tehrandakı səfirliyimizdə qırğın törətmək arzusunun qarşısı alındığı kimi, bu hadisə də boşa çıxdı.
  • İran İsrailə qarşı apardığı terror əməllərini artıq Azərbaycana qarşı da tətbiq edir, yəni Azərbaycan İranın gözündə İsraillə əməkdaşlıq edən region dövlətindən İsrailin özünə çevrilib. İran Azərbaycan simasında İsrailin özünü görür.
  • Azərbaycan xüsusi xidmət orqanlarının, xüsusən Dövlət Təhlükəsizlik Xidmətinin İran casuslarına qarşı apardıqları əməliyyatın cavabı da ola bilər İranın bu terror hərəkəti.
  • Azərbaycandakı İran əleyhinə danışan siyasi qüvvələr və xadimləri susdurmaq və qorxutmaq üçün də İran bu terror aktını həyata keçirməyi qərar ala bilər.

Bu sadaladıqlarım İranın Azərbaycana qarşı müxtəlif sahələrdə terror hərəkəti keçirə bilməsinə işarə edən motivlərdir. Maraqlıdır ki, İran tərəfi ona ünvanlana ittihamların heç birinə cavab vermir və qeyd olunan hadisələrdə əli olmadığını sübut etməyə çalışmır.

İranın daha geniş terror hadisələrində əli olduğunu sübut edən digər hesabat da mövcuddur və bu hesabat xarici-kütləvi informasiya kanallarında dəfələrlə yayımlanıb. Bu terror hərəkətlərinin bəzilərin haqqında biz də məlumat vermək istərdik:

2023-cü il. Yunanıstanda həyata keçirilməsi planlaşdırılan sui-qəsd planı

Bu, İranın Yunanıstandakı yəhudi əsilli şəxslərin idarə etdikləri şirkətə hücum planıdır. Sui-qəsddə Pakistan əsilli ən azı iki terroristin iştirakı təsdiqlənib. Sui-qəsdin  həyata keçirilmə mərhələsində qarşısı alınıb. İki nəfər terror maddəsi ilə həbsə atılıb, üçüncü şəxs isə axtarışdadır. Qrupun izlərini İrana aparan daha geniş beynəlxalq terror şəbəkəsinin tərkib hissəsi olduğu iddia edilir. Sui-qəsd Yunanıstanın antiterror polisi və Milli Kəşfiyyat Xidmətinin birgə fəaliyyəti sayəsində aradan qaldırılıb.

2022-ci il, noyabr. İranın Böyük Britaniyadakı dissident jurnalistlərə qarşı sui-qəsd planı

İran Böyük Britaniyada iki jurnalisti hədəfə almaqda ittiham edilib. Bu sui-qəsd, görünür, İran rejimini tənqid edən Londonda yerləşən İran Beynəlxalq Xəbər kanalında işləyən jurnalistlərə sui-qəsd planının bir hissəsi idi.

2023-cü ilin fevral ayına qədər “Guardian”da dərc olunan xəbərlərdə deyilir ki, Britaniya polisi və MI5 İran tərəfindən Böyük Britaniyada müxaliflərə qarşı 15 sui-qəsd müəyyən edib. Bu sui-qəsdlərin əksəriyyəti İran İnternational-ı hədəf alırdı.

Digər bir hesabatda qeyd olunur ki, “İran bu il rejim düşmənləri kimi qəbul edilən ən azı 10 Britaniya vətəndaşını və ya Böyük Britaniyada yaşayan şəxsləri oğurlamaq və ya öldürmək planı hazırlayıb”, – NBC-nin verdiyi məlumata görə, Britaniyanın daxili kəşfiyyat rəisi bildirib.

2022-ci il, may-iyul ayları – Albaniyada kiberhücumlar

İran 2022-ci ilin may və iyul aylarında Albaniyanı kiberhücumlarla hədəfə aldı və sentyabrda Albaniya İranla diplomatik əlaqələri kəsdi. İkinci kiber hücum vətəndaşlar haqqında mühüm məlumatların yer aldığı hökumətin internet saytına yönəlmişdi.

ABŞ və Alban müstəntiqləri İranın davranışının “ehtiyatsız və məsuliyyətsiz” olduğunu bildirib, NATO və ABŞ isə hücumları pisləyib. Hesabatlarda İranın Albaniyadakı müxalifləri hədəfə aldığı və kiberhücumların bu planın bir hissəsi olduğu bildirilir. ABŞ hücumda əsas rol oynayan İran agentliyinə sanksiyalar tətbiq edib.

2022-ci il, iyun – Türkiyədəki sui-qəsd planları

Türkiyə bu ölkədə israillilərə qarşı hücumlar planlaşdırmaqda ittiham olunan 5 iranlını saxlayıb. Həmin vaxt İsrailin  baş nazir Yair Lapid demişdi ki, “son həftələrdə İsrail və Türkiyə arasında təhlükəsizlik və diplomatik əməkdaşlıq sayəsində İsrail vətəndaşlarının həyatı xilas edilib. Bu səylər davam edir”.

O, həmçinin deyib: “Söhbət təkcə günahsız israilli turistlərin öldürülməsindən deyil, həm də İran terroru ilə Türkiyənin suverenliyinin aşkar şəkildə pozulmasından gedir. Əminik ki, Türkiyə bu məsələdə iranlılara necə cavab verəcəyini bilir”.

Sui-qəsdin mərkəzi İstanbul ətrafında olduğu iddia edilirdi. 2022-ci ilin iyul ayında 15-ə qədər İran agenti saxlanılıb. Ümumilikdə bir neçə sui-qəsdin qarşısının alındığı bildirilir.

2021, oktyabr ayı: Kipr süjeti

İran Kiprdə israilliləri öldürmək planını hazırlamaqda ittiham edilib. Polis qətlləri həyata keçirmək üçün muzdlu olduğu deyilən şəxsi həbs edib. O zaman İsrailin naş naziri olan Naftali Bennettin sözçüsü Matan Sidi qətlə cəhdin İran terror hücumu olduğunu və sui-qəsdin israilli iş adamlarını hədəf aldığını bildirib. İran isə ittihamları rədd edib.

Saxlanılan şəxsin Rusiya pasportundan istifadə edən 38 yaşlı azərbaycanlı olduğu bildirilir. O, Şimali Kiprdən keçdikdən sonra Lefkoşada saxlanılıb.

2018, sentyabr: Danimarkadakı hadisələr

İran Danimarkada ərəb dissident qrupuna hücum cəhdinin arxasında durmaqda ittiham olunurdu. İran ittihamları təkzib etsə də, Danimarka bu plana görə səfirini geri çağırıb. Bu süjet 2018-ci ilin sentyabrında Danimarka-İran münasibətlərinin  əsaslı şəkildə durdurulmasına  səbəb oldu.

Faktla bağlı İsveçdə İran əsilli Norveç vətəndaşı saxlanılıb.

2018-ci ilin iyul ayı – Fransada bomba planı

2021-ci ildə elan olunan qərara əsasən İranlı diplomat 2018-ci ildə Fransada keçirilən mitinqdə partlayış törətməkdə təqsirli bilinib. BBC-nin məlumatına görə, “İranın Vyanadakı səfirliyində işləyən 49 yaşlı Əsədullah Əsədi Belçikanın Antverpen şəhərindəki məhkəmə tərəfindən 20 il həbs cəzasına məhkum edilib. Daha üç nəfər də mühakimə olunub. Onlar Almaniya, Fransa və Belçika polisinin birgə əməliyyatı zamanı həbs ediliblər”.

BBC-nin məlumatına görə, “Fransa planlaşdırılmış hücumda İranın kəşfiyyat nazirliyini günahlandırdı və cavab olaraq iki yüksək rütbəli İran rəsmisinin aktivlərini dondurdu”.

Albaniyadakı kiberhücumlarla bağlı xəbərlərə bənzər şəkildə, Fransadakı sui-qəsdin İran tərəfindən müxalif Mühacidin-a-Xalq qrupunun siyasi qoluna qarşı yönəldiyi görünür. Hədəf edilən qrup İran Milli Müqavimət Şurası (NCRI) adlanır.

Avstriya sui-qəsddə iştirakda ittiham olunan iranlı diplomatı toxunulmazlıqdan məhrum edib. Daha beş şübhəli Belçika və Fransada həbs edilib. Belçika hüquq-mühafizə orqanları, 500 qram partlayıcı ilə iki şəxsi  həbs etdiklərini bildirib.

2019-cu il – Hollandiyadakı sui-qəsd

2019-cu ildə Hollandiya İrandakı səfirini sui-qəsd iddialarına görə geri çağırıb. İran iki hollandiyalı diplomatı da ölkədən çıxarıb. Hollandiya İranı 2015 və 2017-ci illərdə iki dissidentə qarşı məqsədyönlü hücumlarla əlaqədə olmaqda ittiham edib. Xarici işlər naziri Stef Blok bildirib ki, onun  ölkəsi terrorçuluq iddialarına görə səfirini geri çağırmaq qərarına gəlib.

2012-ci il, iyul. Bolqarıstanda avtobusun partladılması. İslam İnqilabı Keşikçiləri Korpusunun daxilində bu əməliyyatı “İran kəşfiyyatının qızıl əməliyyatı” da adlandırırlar

2012-ci ilin iyulunda Burqasda avtobusun partladılması nəticəsində beş israilli və bir bolqar həlak oldu. 32 nəfər yaralandı. İntiharçı-terrorçu 42 israillinin olduğu avtobusu hədəf alıb. Daha sonra bombanın ammonium nitrat əsaslı partlayıcı olduğu müəyyən edilib. Hücumun İranın dəstəklədiyi Hizbullahla əlaqəsi olduğu bildirilir. İran və Hizbullah iştirakını inkar ediblər.

Bolqarıstanın o vaxtkı daxili işlər naziri Tsvetlin Yoçev 2013-cü ildə “Burqas partlayışının arxasında Hizbullahın dayandığını göstərən aydın əlamətlər var” dedi. Hücumla bağlı daha iki nəfər axtarılıb və Bolqarıstan Livandan onların ekstradisiyasını istəyib.

Onlar 2020-ci ildə qiyabi mühakimə olunublar.

Qeyd olunanlar son 10 ildə İranın iştirakının sübut olunduğu terror hadisələridir. Buraya Azərbaycana qarşı edilən sui-qəsdlər də  əlavə olunacaq. Amma hələlik istintaqın nəticələrini gözləmək məcburiyyətindəyik.

elimusa oz

Əlimusa İbrahimov
Politoloq

Xüsusi olaraq Globalinfo.az üçün

Paylaş: