Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Türkiyəyə Ukraynaya genişmiqyaslı silah tədarükü planları ilə bağlı izahat vermələri üçün müraciət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, ABŞ istehsalı olan silahların Türkiyə üzərindən Ukraynaya genişmiqyaslı tədarükünün şərtləri və detalları hələ də ziddiyyətli olaraq qalır.
O bildirib ki, Ukraynaya yeni silah tədarükü Rusiyanın həm ABŞ, həm də Türkiyə ilə münasibətlərinə ciddi zərər vura bilər.
Rusiya XİN-dən bildirilib ki, ABŞ və Türkiyənin bir tərəfdən sülh ritorikasından istifadə etməsi, digər tərəfdən isə Ukraynaya silah tədarükünü davam etdirməsi qarşılıqlı etimadı sarsıdır.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin Ukraynaya 70 ədəd M39 ATACMS ballistik raketi, 12 ədəd M270 reaktiv yaylım atəş sistemi və on minlərlə kasetli sursat satdığı barədə məlumat yayılıb.
Qeyd olunurdu ki, söhbət ABŞ istehsalı olan silahlardan getdiyi üçün onların yenidən satılmasına ABŞ Dövlət Departamenti icazə verib. Belə hallarda ABŞ Konqresinin də məlumatlandırılması tələb olunur.
Silahların ilkin dəyərinin 255,9 milyon dollar olduğu bildirilir, lakin Ukraynanın bu silahlar üçün nə qədər ödədiyi açıqlanmayıb.
Aysel Əliyeva
Globalinfo.az