Bəzən tarix elə bir dönüş nöqtəsi yaradır ki, illər əvvəl xəyal belə edə bilmədiyimiz hadisənin bir gün gerçəyə çevrildiyinə şahid oluruq.
Bu gün – 8 avqust 2026-cı ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi də məhz belə məqamlardandır.
Təsəvvür edin… Bir vaxtlar Ermənistan deyiləndə gözümüzün önünə müharibə, işğal, şəhidlər, didərgin düşmüş insanlar, dağıdılmış evlər, viran qalmış şəhərlər gəlirdi. Bu ölkə bizim üçün sadəcə qonşu dövlət deyildi. Arxasında ağır bir tarixin, itirilmiş həyatların, yarımçıq qalmış arzuların və 30 illik həsrətin olduğu bir qarşıdurmanın özü idi.
Elə zaman da olub ki, cəmiyyətin bir hissəsi Qarabağla bağlı ümidini itirirdi. İnsanlar düşünürdü ki, artıq bu torpaqlar geri qayıtmayacaq. Çünki işğalın illərlə davam etməsi zaman keçdikcə ümidsizliyi də böyüdürdü. Otuz il az müddət deyil. Bir nəsil böyüdü, uşaqlar Qarabağı yalnız ata-babalarının danışdığı xatirələrdən tanıdı. Amma Azərbaycan tarix yazdı!
2020-ci ildə Ordumuzun qəhrəmanlığı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində torpaqlarımız işğaldan azad edildi. Bunun arxasında illərlə davam edən dövlət siyasəti, diplomatik mübarizə, hərbi hazırlıq və ən əsası, Vətən uğrunda canından keçən minlərlə şəhidimizin qanı dayanır.
Qarabağ geri qayıtdı.
Bu gün həmin torpaqlarda həyat yenidən qurulur. Vaxtilə məcburi köçkün həyatı yaşayan insanlar doğma yurdlarına qayıdırlar. Bir vaxtlar yalnız şəkillərdə, xatirələrdə gördükləri evlərinə, kəndlərinə, şəhərlərinə yenidən sahib çıxırlar.
Bəlkə də bütün bunların ən böyük nəticələrindən biri odur ki, artıq müharibədən danışmaq məcburiyyətində deyilik.
Əlbəttə, heç nə unudulmayıb. Unudulmayacaq da. Şəhidlərimizi, itkilərimizi, dağıdılmış şəhərlərimizi, doğma torpaqlarından didərgin salınan yüz minlərlə insanın yaşadığı ağrını heç bir sülh sənədi tarixdən silə bilməz. Sülh unutmaq demək deyil.
Sülh o deməkdir ki, bundan sonra başqa analar övladlarını müharibəyə yola salmasın. Başqa uşaqlar atasız böyüməsin. Başqa ailələr illərlə doğma yurd həsrəti çəkməsin.
Bu baxımdan Ermənistan tərəfindən Azərbaycan Prezidentinə edilən hər bir belə zəng, verilən hər bir sülh mesajı əslində region üçün yeni səhifənin açılması deməkdir.
Bir vaxtlar Ermənistanla münasibətlərimizin sülhlə, qarşılıqlı dialoqla, normal qonşuluqla xarakterizə olunacağını təsəvvür etmək belə çətin idi. Bu gün isə sülh haqqında danışırıq. Üstəlik, sülhün reallaşmasına əvvəlkindən daha yaxın olduğumuzu görürük.
Təbii ki, yol hələ tam başa çatmayıb. Sülhün möhkəm və davamlı olması üçün atılmalı addımlar var. Qarşılıqlı öhdəliklər yerinə yetirilməli, etimad daha da möhkəmləndirilməlidir. Amma ən vacibi budur ki, artıq silahların deyil, telefon zənglərinin, danışıqların və diplomatiyanın gündəmdə olduğu bir mərhələdəyik.
Və bu, az şey deyil.
Azərbaycan öz torpaqlarını otuz ilə yaxın davam edən işğaldan azad etdi. İndi isə həmin torpaqlarda yenidən həyat qurulur. İnsanlar öz ata-baba yurdlarına qayıdır. Uşaqlar Qarabağı müharibənin deyil, həyatın, məktəbin, quruculuğun və gələcəyin məkanı kimi tanımağa başlayırlar.
Bəlkə də ən böyük qələbə bundan sonra başlayır.
Çünki torpağı azad etmək böyük qələbədir. Amma həmin torpaqlarda sülh içində, təhlükəsiz və firavan həyat qurmaq qələbəni gələcəyə daşımaqdır.
Bu gün Nikol Paşinyanın İlham Əliyevə zəng etməsi də bizə bir şeyi xatırladır: tarix dəyişir.
Dünən düşmən olan tərəflər bu gün sülhdən danışa bilər. Dünən əlçatmaz görünən arzular bu gün reallığa çevrilə bilər. Otuz il sonra işğal altındakı torpaqlar azad edilə bilər. Azərbaycan bunu bacardı.
İndi isə ən böyük arzumuz odur ki, bu torpaqlarda bir daha müharibə olmasın. Azərbaycan Ermənistanla deyil, bütün qonşuları və dünya ilə sülh şəraitində yaşasın. Güclü dövlət olmağımızın göstəricisi yalnız müharibədə qalib gəlmək deyil, həm də əldə etdiyimiz qələbədən sonra sülhü qorumağı bacarmaq olsun.
Çünki şəhidlərimizin bizə əmanət etdiyi Qarabağda ən gözəl səs artıq atəş səsi deyil, həyatın səsi olmalıdır.
Və bəlkə də bu gün gələn o telefon zəngi məhz həmin gələcəyin daha bir işarəsidir.
Zaira Akifqızı
Globalinfo.az