“Kremlinin Kalininqradla bağlı strateji gedişi uğurlu alınıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə Çinin “Sohu” nəşri yazıb.
Məqalə müəllifləri bildirirlər ki, Qərb ölkələrində Kalininqrad vilayətinə maraq artdıqca, “Rusiya SSRİ dağıldıqdan sonra bu bölgəni necə qoruyub saxlaya bildi?” sualı daha tez-tez səslənir.
Qeyd olunur ki, Kalininqradın Rusiya ilə quru sərhədi yoxdur, buna baxmayaraq, bölgə Litvaya deyil, Rusiyaya məxsus qalıb.
Çinli jurnalistlərin yazdığına görə, Tehran, Yalta və Potsdam konfranslarında SSRİ rəhbəri İosif Stalin o vaxtkı Köniqsberqin Sovet İttifaqına daxil edilməsinə nail olub.
“Daha sonra isə bu ərazini Litva və ya Belarus SSR-ə deyil, Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibinə verib. Məhz bu qərar SSRİ dağıldıqdan sonra Kalininqradın Rusiyanın tərkibində qalmasına imkan yaradıb. Bu, İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqının həyata keçirdiyi hiyləgər strateji addım idi”, – deyə məqalədə bildirilir.
Yazıda həmçinin qeyd olunur ki, hazırda Kalininqrad Rusiyanın mühüm geosiyasi alətlərindən biri hesab edilir və onun Polşa, Baltik ölkələri və Almaniyaya yaxın yerləşməsi həmin dövlətlər üçün ciddi narahatlıq mənbəyidir.
Xatırladaq ki, bundan əvvəl ABŞ generalı Kristofer Donahyu NATO-nun Kalininqrad vilayətinin müdafiəsini qısa müddətdə sıradan çıxara və bölgəni “yer üzündən silə” biləcəyini, bununla bağlı planın hazırlandığını iddia etmişdi. Buna cavab olaraq Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Kalininqradın təhlükəsizliyinin bütün vasitələrlə təmin ediləcəyini bəyan etmişdi.
Əliyar Xəlil
Globalinfo.az