kart

Xəbər verdiyimiz kimi, Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən, ölkədə kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib. Limitlər həm kartdan-karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının sayına, həm də ümumiyyətlə kartların sayına tətbiq edilib. Eləcə də, ödəniş kartları və elektron pul hesablarının sayı, həmçinin elektron cüzdanlardan istifadə üzrə də yeni limitlərin tətbiqi nəzərdə tutulur.

Bu gün bir çox yerlərdə kartdan-karta köçürülmələr üstünlük təşkil edir. Bu limitlər həmin obyektlərə, sahibkarlara, eləcə də vətəndaşlara necə təsir edəcək? Bunun üstünlükləri və dezavantajları nələrdir?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, kartdan-karta köçürmələrə limit tətbiq edilməsi maliyyə dövriyyəsinin daha şəffaf olmasına və bank kartlarından qeyri-rəsmi biznes fəaliyyəti üçün istifadənin qarşısının alınmasına yönəlmiş addım kimi qiymətləndirilə bilər:

“Son illər bir çox sahibkar POS-terminal və ya biznes hesabı əvəzinə şəxsi kartlardan ödəniş qəbul edirdi. Bu isə vergi uçotu, maliyyə nəzarəti və kölgə iqtisadiyyatı baxımından müəyyən risklər yaradırdı.

Yeni qaydalar belə fəaliyyət göstərən obyektləri biznes hesablarından və rəsmi ödəniş sistemlərindən istifadəyə təşviq edəcək. Bu, uzunmüddətli perspektivdə vergi intizamının və nağdsız ödənişlərin şəffaflığının artmasına müsbət təsir göstərə bilər”.

Akif N%C9%99sirli

Akif Nəsirli

Ekspert qeyd edib ki, limitlərin mənfi tərəfləri də var:

“Hazırda kartdan-karta köçürmə gündəlik ödəniş vasitəsinə çevrilib. Kiçik mağazalar, fərdi xidmət göstərən şəxslər, kirayə ödənişləri, ailədaxili pul köçürmələri və digər gündəlik əməliyyatlarda bu üsuldan geniş istifadə olunur. Limitlər bəzi hallarda tamamilə qanuni əməliyyatlar aparan vətəndaşlar və kiçik sahibkarlar üçün əlavə narahatlıq yarada bilər.

Aylıq 20 min manat limit əhalinin böyük əksəriyyəti üçün praktik baxımdan yüksək hədd hesab olunsa da, dövriyyəsi böyük olan fərdi sahibkarlar, vasitəçilər və ya tez-tez iri məbləğli köçürmələr həyata keçirən şəxslər üçün məhdudlaşdırıcı təsir göstərə bilər. Bu da onları biznes hesablarından istifadə etməyə məcbur edəcək”.

Ekspertin sözlərinə görə, sözügedən qərarın üstün cəhəti odur ki, maliyyə axınlarının izlənməsi asanlaşacaq:

“Həmçinin vergidən yayınma imkanları azalacaq və rəqəmsal ödəniş sistemləri daha nizamlı şəkildə formalaşacaq. Mənfi tərəfi isə odur ki, eyni qaydalar həm riskli əməliyyatlara, həm də adi vətəndaşların gündəlik köçürmələrinə tətbiq edilir. Daha məqsədəuyğun yanaşma risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi, yalnız şübhəli və sistemli kommersiya xarakterli əməliyyatların əlavə yoxlanılması olardı. Bu halda həm dövlətin nəzarət imkanları qorunar, həm də qanuni istifadəçilərin gündəlik maliyyə əməliyyatları lazımsız məhdudiyyətlərlə üzləşməzdi”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: