vasinqton 11

ABŞ-ın Vaşinqton ştatında meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.

Globalinfo.az xəbər verir ki, “CNN”in məlumatına görə, ştatın qubernatoru Bob Ferqyuson bütün ərazidə tonqal qalamağı qadağan edib.

O, bölgədə davam edən “Old Trails” yanğını ilə bağlı vəziyyəti yerində qiymətləndirmək üçün Spokan şəhərinə yollanacağını açıqlayıb.

Qubernator bildirib ki, səfərin məqsədi fövqəladə hallar xidmətlərinin nümayəndələri ilə görüşmək və yanğınsöndürmə işlərinə nəzarət etməkdir.

Hazırda ştat üzrə alovla mübarizəyə 4 mindən çox yanğınsöndürən cəlb olunub. Onlara ABŞ-ın 14 ştatından gələn briqadalar, həmçinin Avstraliyadan gəlmiş mütəxəssis qrupu dəstək verir.

“CNN” qeyd edir ki, quraqlıq və güclü küləklər fonunda Vaşinqton ştatında azı 10 iri meşə yanğını davam edir. Bu il yanğınlar 425 min akrdan (təxminən 172 min hektar) çox ərazini əhatə edib ki, bu da 2021-ci ildən bəri ən yüksək göstəricidir.

Spokan şəhər administrasiyası artıq təxliyə elan edib. Eyniadlı dairədə üç yanğın qeydə alınıb. Onlardan ən böyüyü 3 min akrdan çox ərazini əhatə edir və 5 minə yaxın tikili üçün təhlükə yaradır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: