Ermənistan Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə İranla qaz əməkdaşlığını genişləndirmək istiqamətində addımlar atır. Bu məqsədlə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan Tehrana səfər edərək İranın neft naziri Möhsən Paknejadla görüşüb.
Globalinfo.az xəbər verir ki, görüşdə İrandan Ermənistana qaz tədarükünün artırılması, enerji sektorunda ticarətin genişləndirilməsi və qaz sahəsində yeni əməkdaşlıq imkanlarını araşdıracaq birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
İran tərəfi qaz ixracının genişləndirilməsini nəzərdə tutan yeni ticarət modelini də İrəvana təqdim edib.
Hazırda Ermənistanın qaz tələbatının əsas hissəsi Rusiyadan qarşılanır. İrandan isə əsasən “qaz müqabilində elektrik enerjisi” mexanizmi çərçivəsində ildə təxminən 477 milyon kubmetr mavi yanacaq alınır. Rusiyadan idxal edilən qazın həcmi isə illik 2,2 milyard kubmetrdən çoxdur.
Ekspertlər bildirirlər ki, İran qazının həcmini əhəmiyyətli dərəcədə artırmaq üçün yeni qaz kəmərinin və əlavə kompressor stansiyalarının tikintisinə ehtiyac var. Bu isə yüz milyonlarla dollar investisiya tələb edir. Üstəlik, İrana qarşı ABŞ və Avropa sanksiyaları belə layihələrin həyata keçirilməsini çətinləşdirir.
Müşahidəçilərin fikrincə, Ermənistanın İranla enerji əməkdaşlığını genişləndirmək cəhdləri Rusiyadan asılılığı azaltmaq istəyindən irəli gəlsə də, texniki və siyasi maneələr bu planların reallaşmasını sual altında qoyur. Eyni zamanda, Vaşinqtonun Rusiyanın təsirini zəiflətmək məqsədilə Ermənistan-İran enerji tərəfdaşlığına hansı münasibət göstərəcəyi də açıq qalır.
Əliyar Xəlil