Ukraynanın Xəzər dənizində Rusiya və İran arasında neft daşıyan gəmilərə hücumu Tehranla-Kiyev arasında narazılığa səbəb olub. İran rəhbərliyi qarşı tərəfi qınayıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə hücumların uğurlu olduğunu qətiyyətlə vurğulayıb.
Tehran-Kiyev gərginliyi nə ilə nəticələnəcək? Ukrayna hücumları davam etdirəcək?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, İran rəhbərliyinin Ukraynanı qınaması, Kiyevin isə bu addımları uğurlu hərbi əməliyyat kimi təqdim etməsi müharibənin yeni mərhələyə keçdiyini göstərir:
“Bu, Rusiya-Ukrayna müharibəsinin artıq təkcə Avropa ilə məhdudlaşmadığını göstərən növbəti siqnaldır. Belə ki, münaqişənin enerji və logistika xətlərinə təsiri Avrasiya məkanında da yeni təhlükəsizlik çağırışları formalaşdırır. Tehranın sərt reaksiyasının əsas səbəbi İranın bu hadisəni öz milli maraqlarına və regional təhlükəsizliyinə yönəlmiş addım kimi qiymətləndirməsidir. İran uzun müddətdir Rusiya ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığını genişləndirir. Xüsusilə Ukrayna müharibəsi fonunda Moskva ilə Tehran arasında yaxınlaşma Qərb ölkələrinin diqqət mərkəzindədir. Kiyev isə İranı Rusiyanın hərbi imkanlarını gücləndirən tərəf kimi qiymətləndirir və bu səbəbdən İranla əlaqəli strukturları müharibənin dolayı iştirakçıları hesab edir”.
Politoloq bildirib ki, belə vəziyyətdə Ukraynanın bu tip hücumları davam etdirib-etdirməyəcəyi bir neçə amildən asılı olacaq:
“Birinci amil əməliyyatların Kiyevin strateji məqsədlərinə nə dərəcədə xidmət etməsidir. Ukrayna üçün əsas hədəflərdən biri Rusiyanın müharibə aparmaq imkanlarını zəiflətmək, xüsusilə enerji gəlirlərinə və logistika şəbəkələrinə təzyiq göstərməkdir. Əgər Xəzər istiqamətindəki əməliyyatlar Rusiyanın gəlirlərinə və təchizat imkanlarına təsir edən effektiv vasitə kimi qiymətləndirilərsə, Kiyev bu taktikanı davam etdirə bilər. İkinci mühüm məsələ isə beynəlxalq reaksiyadır. Məlumdur ki, Xəzər dənizi təkcə Rusiya və İranın maraq dairəsində olan məkan deyil. Burada Azərbaycan, Qazaxıstan və Türkmənistanın da iqtisadi, təhlükəsizlik maraqları var. Xəzərdə hərbi risklərin artması enerji ixracına, ticarət marşrutlarına və Orta Dəhliz kimi strateji nəqliyyat layihələrinə mənfi təsir göstərə bilər. Bu səbəbdən region dövlətləri üçün əsas prioritet Xəzərin genişmiqyaslı qarşıdurma zonasına çevrilməsinin qarşısını almaqdır”.
Rəşad Bayramov
Ekspertin sözlərinə görə, Tehran-Kiyev münasibətlərində yaranan gərginliyin birbaşa hərbi qarşıdurmaya çevrilməsi ehtimalı isə aşağıdır:
“İranın indiki mərhələdə Ukraynaya qarşı genişmiqyaslı hərbi imkanlardan istifadə etməsi real görünmür. Lakin informasiya mübarizəsi və müxtəlif beynəlxalq platformalarda qarşılıqlı ittihamların artması mümkündür. Tehran şübhəsiz ki, Ukraynanın addımlarını beynəlxalq hüququn pozulması kimi təqdim etməyə çalışacaq, Kiyev isə bu əməliyyatları Rusiyanın hərbi-sənaye və enerji imkanlarını zəiflətmək siyasətinin bir hissəsi kimi əsaslandıracaq. Ukraynanın enerji və logistik infrastruktura yönəlmiş əməliyyatları davam etdirmək ehtimalının qalmasına baxmayaraq rəsmi Kiyev bunun Azərbaycan, Qazaxıstan, Türkmənistan, eləcə də Xəzərdə Boru Kəməri Konsorsiumunda paya sahib olan ABŞ kimi ölkələrə təsirini də nəzərə almalıdır”.
Ləman İmran
Globalinfo.az