Ukraynanın Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Oleq İvaşenko Belarusiyanı hədələyib. İvaşenko bildirib ki, Rusiya ordusu çoxsaylı qüllə və retranslyatorlardan ibarət mobil şəbəkədən istifadə edə bilər. Onun sözlərinə görə, Ukrayna Belarus ərazisində sərhəd boyunca 6 belə qurğu müəyyənləşdirib ki, bu vəziyyətdə Kiyev Belarus ərazisinə zərbələr endirmək variantını nəzərdən keçirməyə məcburdur.
İyun ayında Ukrayna Prezidenti Volodimir Zelenski də Belarusu münaqişənin potensial “genişləndirilməsi” üçün infrastruktur hazırlamaqda ittiham etmişdi. Həmin ay Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkoya Ukrayna sərhədindən Rusiyanın pilotsuz uçuş aparatlarını Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə yönləndirməyə kömək etdiyi iddia edilən retranslyatorların götürülməsi üçün bir həftə vaxt vermişdi.
İyunun 24-də Zelenski Belarus tərəfindən artıq təhlükə olmadığını və sözügedən retranslyatorların söndürüldüyünü açıqladı.
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Belarus Rusiyaya hərtərəfli dəstək versə və müharibə yeni başlayarkən ərazisindən Rusiya əsgərinin istifadəsinə icazə versə də, amma açıq müharibəyə girməməyə çalışır:
“İlk növbədə, Lukaşenko ordunun itki verməsini və Belarus ərazisinin legitim hədəfə çevrilməsini istəmir. Digər tərəfdən Belarus xalqının müharibə ilə bağlı birmənalı fikri yoxdur və bir sıra xarici media quruluşlarında yayılan məlumatlara görə, müharibə əleydarları əhəmiyyətli dərəcədə çoxluq təşkil edir. Ona görə də, hərbi imkanların yüksək olmaması, ciddi zərbə riskləri və eyni zamanda ictimai rəy faktoru Belarusu müharibənin tərəfi olmaqdan çəkindirir.

Əli Zülfüqaroğlu
Ukrayna da Belarusa qarşı ikinci cəbhənin açılmasında maraqlı deyil. Bu Ukrayna üçün də arzuolunmaz risklər yarada bilər. Ukrayna Belarusa zərbə endirərsə, o zaman Lukaşenko müharibəyə qoşulmaq məcburiyyətində qala bilər. Bu isə Rusiyanın maraqlarına cavab verir.
Ona görə də, böyük ehtimalla Ukrayna və Belarus buna getməyəcək”.
Turan Rzayev
Globalinfo.az