Diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşa şəhərində Azərbaycanın tanınmış nümayəndələri – Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstləri ilə tanış olublar.
Globalinfo.az-ın xəbərinə görə, diplomatlara bildirilib ki, işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlər talan edilərək Ermənistana aparılıb və orada onları metal qırıntısı kimi əritməyə cəhd göstərilib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində abidələr Azərbaycana qaytarılıb.
Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan bu büstlər Şuşa şəhəri işğaldan azad edildikdən sonra əvvəlki yerlərinə qaytarılıb.
X X X
Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərini ziyarət ediblər.
Globalinfo.az bildirir ki, diplomatlara işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verilib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində abidələr Azərbaycana qaytarılıb.
X X X
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada Qarabağ küçəsini və “Sadıqcanın evi”ni ziyarət ediblər.
Globalinfo.az bildirir ki, Qarabağ küçəsində gəzinti zamanı qonaqlar şəhərin bu hissəsinin tarixi və memarlıq xüsusiyyətləri ilə tanış olublar.
X X X
Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar.
Globalinfo.az xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib.
Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar.
X X X
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur rayonlarına ikigünlük səfəri çərçivəsində Cıdır düzündə (Şuşa şəhəri, Qarabağ bölgəsi) olublar.
Globalinfo.az bildirir ki, qonaqlar bu ərazinin tarixi-mədəni əhəmiyyəti və Cıdır düzündən açılan mənzərələrlə tanış olublar.
Cıdır düzü Şuşanın əsas görməli yerlərindən və şəhərin rəmzlərindən biri hesab olunur.
***16:57
Diplomatik korpusun nümayəndələri inşası davam edən Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar.
Globalinfo.az xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Yeni Şuşa məscidi layihəsi barədə məlumat verib.
Qeyd olunub ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü – Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq.
***15:18
Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Qarabağ Universitetinə də baş çəkiblər.
Globalinfo.az xəbər verir ki, diplomatlar universitetdə yaradılmış şəraitlə tanış olublar.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov diplomatik korpusun nümayəndələrinə universitetdə görülən işlər, tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və gələcək inkişaf istiqamətləri barədə məlumat verib.
***12:25
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi Zəfər parkına gəliblər.
Globalinfo.az xəbər verir ki, xarici nümayəndələr Xankəndi şəhərində yaradılan Zəfər parkı ilə yaxından tanış olublar.
Bildirilib ki, park Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.
Zəfər parkının ümumi sahəsi 9 hektardır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.
Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub.
Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib.
***12:09
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiətilə Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinə gəliblər.
Globalinfo.az xəbər verir ki, Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusun nümayəndələrinə Mədəniyyət Mərkəzi barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı.
Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
AR Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrini Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzində salamlayıb və çıxış edib.
***11:17
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiətilə Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.
Globalinfo.az xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir.
Diplomatik korpusun nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinə baxış keçiriblər.
Beşmərtəbəli kompleksin ərazisində iki dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulur. Yeni kompleks şəhər mərkəzindən 4 kilometr məsafədə yerləşir. Bu infrastrukturun gələcəkdə Xankəndi sakinlərinin ictimai nəqliyyatdan daha rahat istifadəsinə imkan verəcəyi gözlənilir.
Diplomatik korpusun nümayəndələrinə məlumat verilib ki, Ağdam–Xankəndi dəmir yolu xətti Bərdə–Ağdam dəmir yolunun davamıdır və uzunluğu 28 kilometrdir. Xətt boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi dəmir yolu və avtovağzal kompleksinin, eləcə də digər zəruri infrastrukturun yaradılması planlaşdırılır. Dəmir yolu xətti üzrə layihələndirmə işləri başa çatdırılıb və layihənin 2025–2026-cı illərdə həyata keçirilməsi nəzərdə tutulub.
İkigünlük səfər çərçivəsində diplomatlar Xankəndi ilə yanaşı, Şuşa, Ağdərə və Kəlbəcərə də gedəcəklər. Onlar azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, yeni sosial və iqtisadi infrastruktur layihələri, həmçinin tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində görülən tədbirlərlə yerində tanış olacaqlar.
***09:06
Sentyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Globalinfo.az bildirir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.


























